Prezidentin təhsil strategiyası uğurla davam etdirilir

Prezidentin təhsil strategiyası uğurla davam etdirilir http://www.olaylar.az

“BP-Azərbaycan” şirkəti tərəfindən Qafqaz Universitetinə dəyəri 1,3 milyon dollar olan laboratoriya kompleksi bağışlanıb. Bu münasibətlə təşkil olunan mərasimdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün çox fərəhli bir gündür: “Möhtərəm Prezidentimiz İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” siyasəti uğurla davam edir”. R. Abdullayev əlavə edib ki, böyük layihələrin həyata keçirilməsi üçün Azərbaycanda mütəxəssislərə ehtiyac var: “Kadrların xarici ölkələrdə hazırlanması çox böyük vəsait tələb edir. Buna görə də Azərbaycan universitetləri ilə bir çox şirkətlər arasında əlaqələrin qurulması vacibdir. Bu istiqamətdə müvafiq dövlət proqramlarının həyata keçirilməsi önəmlidir”.  Təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, prezident İlham Əliyev tərəfindən imzalanan təhsilin inkişafı haqqında dövlət strategiyasını Qafqaz Universiteti günbəgün həyata keçirir. O, qeyd edib ki, Qafqaz Universiteti ali təhsil müəssisəsi olaraq, işini düzgün qurub, iş dünyası ilə sıx əməkdaşlıq edir. Açılışını etdiyimiz bu laboratoriya dediklərimizin bariz nümunəsidir. “BP-Azərbaycan”ın prezidenti Gordon Birell çıxışında qeyd edib ki, Qafqaz Universiteti ilə əməkdaşlıqdan məmnunuq: “Yüksək səviyyəli mütəxəssis yetişdirən Qafqaz Universitetinin mexanika mühəndisliyi ixtisasına yüksək balla qəbul olan və Prezident təqaüdünə layiq görülən tələbələri eşidəndə çox məmnun oldum”. Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri dosent Ənvər Özərən ümummilli liderimiz Heydər Əliyevin xeyir- duası ilə fəaliyyətə başlayan “Çağ” Öyrətim Şirkətinin möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqəti ilə inkişaf etdiyini vurğulayıb. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç isə bildirib ki, laboratoriyanın binası FAB boyalarının, avadanlıqları isə “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. Ahmet Saniç bildirib ki, bu laboratoriya “BP-Azərbaycan” şirkəti ilə Qafqaz Universiteti arasında bağlanan memoranduma əsasən qurulub. İkimərtəbəli bina FAB boyalarının, laboratoriyaların avadanlıqları isə “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. 2011-ci ildə layihənin birinci mərhələsi olan Kimya Mühəndisliyi laboratoriyaları istifadəyə verilib. “BP-Azərbaycan” şirkətindən bildiriblər ki, dünən Qafqaz Universitetinə bağışlanan laboratoriyalar üçün 1,3 milyon dollar vəsait xərclənib. “BP-Azərbaycan” şirkəti bu günədək Qafqaz Universitetinə iki yeni fakültənin açılması və ümumilikdə 16 laboratoriyanın qurulmasına toplam olaraq, 2,5 milyon dollardan artıq vəsait xərcləyib.

Nicat Yusifov

Instagram