16 universitet arasında “Qafqaz” 2-ci olub
Bu barədə qəzetimizə Qafqaz Universitetindən məlumat verilib. Həmçinin Biznesin idarəedilməsi ixtisasının 4-cü kurs tələbəsi Novruz Qədirzadə ən impressiv iştirakçı olduğuna görə “Azercell” tərəfindən xüsusi təqaüdə layiq görülüb. Xatırladaq ki, yarışmada xüsusi təqaüd ancaq bir tələbəyə verilir. Azərbaycan Biznes Keys Yarışması universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmada analiz üçün tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılan “Harvard Business School”-un keysləri təqdim edilir. Builki yarışmanın sponsorları Baghlan Group, Paşa Bank, Azercell, BP, Procter and Gamble, Garant Holding, SOCAR, Statoil, Deloitte, Ernst and Young və digər şirkətlərdir. Bu il Azərbaycanın 16 müxtəlif universitetindən 84 komanda yarışmaya müraciət edib. Bu komandalardan 18 komanda yarımfinala seçilib ki, bunlardan 7-si Qafqaz Universiteti tələbələrinin komandası olub. Azərbaycan Diplomatiya Akademiyasında peşəkar münsiflər heyəti tərəfindən finala 4 komanda seçilib və bu komandalardan biri Qafqaz Universitetinin tələbələrindən (Zamir Salmanov, Novruz Qədirzadə, Ramilə Ələsgərova, Toğrul İsmayılov), digər 3 komanda isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrindən ibarət olub.
|