Müasir dünyanın yeni problemi - beyin axını

Müasir dünyanın yeni problemi - beyin axını xezerxeber.com

Miqrasiya barəsində ilk diqqəti cəlb edən məsələ, inkişaf etmiş ölkələrə yaxın coğrafi məkanlarda yerləşən inkişaf etməkdə olan ölkələrin miqrasiyanın mənbəyinə çevrilməsi ilə bağlıdır. Amerikada 12 milyon meksikalı miqrantın olması bunun ən bariz nümunəsidir. BMT və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə apardığı tədqiqat onu göstərir ki, 2013-cü ildə dünyada 232 milyon miqrant mövcuddur. OECD ölkələrinə 2010-2011-ci illərdə axın edən ali təhsilli miqrantların sayı isə 27 milyondur.

 Fəlsəfə doktoru olan miqrantlar ABŞ-da taksi sürürlər
Beyin axını əsasən üç səbəbdən arzu edilən deyil. Birincisi, ölkə və millətin vəsaitləri hesabına təhsil alıb ölkəyə qayıtmayan yaxud da ölkədən gedən vətəndaşlar, vergi gəlirlərində itkiyə səbəb olmaqdadır. Halbuki çox vaxt ali təhsilli kadrlar vergi ödəyicilərinin sayəsində təhsil almaq imkanı əldə edirlər. İkincisi, müəllimlərin və həkimlərin xarici ölkələrə miqrasiyası cəmiyyətin digər təbəqələrinə mənfi təsir göstərir. Gələcək nəsillərin təhsili bundan mənfi təsirlənir. Üçüncüsü, beyin axını savadlı kadrların başqa işlərə istiqamətlənməsi ilə beyin itkisinə gətirib çıxara bilər. 2008-ci ildə ABŞ-dakı 1936 fəlsəfə doktoru ünvanı olan miqrantdan 38-nin taksi sürücüsü olduğu müşahidə edilmişdir. Bu əsasən, savadlı miqrantların, getdikləri ölkədə dil bilməmələrindən irəli gəlir.
Beyin axını iqtisadi inkişafın qarşısını alır
Malaziyada beyin axını səbəbindən orta gəlirli ölkə səviyyəsindən yüksək gəlirli ölkə səviyyəsinə çıxa bilmir. Dünya Bankının statistikası əsasında onu qeyd etmək lazımdır ki, 25 yaşdan yuxarı xaricdə yaşayan 820 min malaziyalının 31 faizi, yaxud da 260 mini ali təhsillidir. Hindistan isə rəqəmsal infrastruktunu kiyafət qədər yüksək səviyyədə inkişaf etdirib, texnologiya parkları təcrübəsini əsas götürərək beyin axınının qarşısını almağa nail olub. Hələ 1997-ci ildə İran ilə bağlı aparılan tədqiqatda qeyd edilirdi ki, Amerikadakı universitetlərdə, 4 min iranlı professor var. Bu elm adamlarından 500-ü isə ən yaxşı ABŞ universitetlərində təhsil və tədqiqatla məşğul olmaqdadırlar.

 Azərbaycan beyin axınının ən aşağı səviyyədə olduğu ölkədir

Dünya Bankının, Dünya İnkişaf Hesabatında (World Development Report, 2013) qeyd edilməkdədir ki, Azərbaycan iqtisadiyyatına miqrantların göndərdiyi pul köçürmələri, 2000-ci ildə ÜDM-nin 5,2 faizini təşkil edirdisə, 2010-cu ildə bu rəqəm, 2,7 faiz olmuşdur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı beyin axını statistikasını, ali təhsilli miqrantların, ölkədəki cəmi aktiv ali təhsilli əmək qüvvəsinə faiz nisbəti kimi xarakterizə edir. Buna görə, 2000-ci ildə bu göstərici Azərbaycan üçün 1,8 faiz olmuşdur. Bununla yanaşı Dünya Bankının iqtisadçıları, Azərbaycanı beyin axınının ən aşağı səviyyədə reallaşdığı ölkələr siyahısına daxil etmişdir. Bu göstərici ən çox Qana, Mozambik və Kenyada qeydə alınıb ki, beyin axını bu ölkələrdə sırası ilə 47, 45 və 38 faiz olaraq meydana gəlmişdir. Qeyd edək ki, miqrantlar haqqında növbəti statistiki göstəricilər 2010 - 2011-ci illəri əhatə edəcək və 2013-cü ilin dekabr ayında  elan ediləcəkdir.
Dünyada “istedadları qazanma üzrə yarış” keçirilir
Sonda, xaricdə təhsil alan tələbə sayının illər keçdikcə artmasını, Azərbaycan üçün beyin axını məsələsinə aktuallıq qazandıran amil kimi qiymətləndirmək olar. Hərçənd ki, iqtisadi ədəbiyyatda tələbələr beyin axınının subyektləri kimi qəbul edilməsələr də, məzun olub xaricdə yaşamağa davam edən tələbələrin bu təsnifata daxil olacağını xüsusi olaraq qeyd etmək lazımdır. Yuxarıda da qeyd edildiyi kimi, beyin axını ilə bağlı göstərici, ali təhsilli miqrantların, ölkədəki ali təhsilli əmək qüvvəsindəki faiz nisbətini hesablayaraq əldə edilir.  UNESCO-nun nəşr etdiyi statistika onu göstərir ki, 2010-cu ildən etibarən xaricdə təhsil almağa davam edən azərbaycanlı tələbələrin sayı təqribən 11 mindir. Dövlət Statistika Komitəsinin mənbələrində, 2010-cu ildə Azərbaycan əmək bazarında ali təhsilli işçi qüvvəsi 901 min civarındadır. Ali təhsilli miqrantların sayını müəyyən etmək mövcud statistiki göstəricilərlə mümkün deyil. Axırıncı dəfə, 2000-ci il üçün hesablanan bu göstəricinin, yenidən hesablanması, cəmi azərbaycanlı miqrantlar içərisində ali təhsilli olanların müəyyənləşdirilməsi ilə mümkündür. Dövlət Statistika Komitəsinin institusional strukturunda bu barədə yeni əlavələrin edilməsi məqsədəuyğun olardı. Qonşumuz və qardaş ölkə olaraq sadəcə Türkiyədə özəl sektor 1,3 milyon ixtisaslı kadr axtarır. Bu səbəbə görə, Türkiyə hökuməti, 2014-cü ildə xaricdən gələcək işçi miqrantların sayını artırmaq fikrindədir. Dünyanın digər inkişaf etmiş ölkələrini nəzərə aldıqda isə, beyin axını ilə bağlı statistikanın nə qədər əhəmiyyətli olduğu bir daha bariz olaraq görünür. Çünki dünyada uzun müddətdir, “istedadları qazanma üzrə yarış” müzakirə edilir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF