Bura “Qafqaz”dır

Bura “Qafqaz”dır

Azərbaycanda kimdən Qafqaz Universitetini soruşursan, ağızdolusu danışır. Qoca da, cavan da, orada oxuyan da, oxumayan da: “Qafqaz” fərqli bir universitetdir. Hər şeyi ilə”.
Bu təhsil ocağının cəmi 20 yaşı var. Amma bu 20 ildə nələrə nail olmadı ki?...
Ali məktəbə test imtahanları ilə tələbə qəbulunu ilk dəfə Qafqaz Universiteti keçirdi. Onda hələ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tam formalaşmamışdı. 
Bu bir ilk idi Azərbaycanda.
Biz öyrəşmişdik ki, universitet şəhərin mərkəzində olar. “Qafqaz” şəhərdən kənara çıxdı. Bizim düşüncəmizin əksinə...
Onda çoxumuz düşünürdük ki, şəhərdən uzaqda yerləşən ali məktəbə qəbul olmaq istəyən çox az olacaq.
İndi ən yüksək bal toplayanlar “Qafqaz”ı seçirlər. Bizim düşüncələrimizin əksinə...
Biz valideynlər iclasına orta məktəbdə gedərdik, onda da deyinə-deyinə...
İndi “Qafqaz” bizi valideynlər iclasına çağırır. Biz də gedirik, sevinə-sevinə...
Biz otra məktəbdə görmüşdük ki, müəllimlər pis oxuyan şagirdin evinə gedər, şagirdi valideynlə birgə tənbeh etmək üçün.
“Qafqaz” bütün tələbələrinin evinə müəllimləri göndərir. Tənbeh üçün yox, tələbənin ev şəraiti ilə tanış olub təlim-tədrisi ona uyğun qurmaq üçün.
***
Azərbaycanda kimdən Qafqaz Universitetini soruşursan, ağızdolusu danışır. Amma bu ali məktəbdə hansı fakültələrin olduğunu hər kəs bilmir. Bu, o deməkdir ki, hansı fakültənin olması önəmli deyil, önəmli olan tədrisin keyfiyyəti, kadr hazırlığının səviyyəsidir. Önəmli olan hazırlanmış kadrların insani keyfiyyətinin yüksək olmasıdır, etibarlı olmasıdır.
Bu gün “Qafqaz”ın məzunları dünyanın 68 ölkəsində fəaliyyət göstərirlər.
Bu gün iş üçün müraciət edənin “Qafqaz” məzunu olduğunu öyrənən kimi, işverən rahatlanır, “axtardığımı tapdım” deyir.
***
Bir zamanlar ölkəmizdə adlı-sanlı kişilər müəllimlik ediblər. İndi əksəriyyətimiz müəllimliyin qadın sənəti olduğunu düşünürük.
“Qafqaz” bu sahədə də “inqilaba” hazırlaşır. Ötən gün universitetdə olarkən öyrəndim ki, burada yetişən gələcəyin müəllimlərinin 40-45 faizini oğlanlar təşkil edir. Özü də onların xeyli hissəsi 500-600 balla “Qafqaz”ı seçiblər. Düşünün, gələcəkdə övladlarımıza “Qafqaz”ın məzunu olan müəllimlər dərs deyəcəklər. Deməli, müəllim adının nüfuzunun özünə qayıdacağına ümid edə bilərik.
”Qafqaz”da tibb fakültəsi yoxdur. Ölkəmizin xoşbəxt gələcəyini istəyiriksə, bu barədə düşünmək lazımdır.
***
“Qafqaz”da olarkən kimya və mexanika laboratoriyaları ilə tanış olduq. Bu laboratoriyalarda mini zavodlar gördük. Mexanika laboratoriyasında Azərbaycanın gələcək mühəndisləri hazırladıqları hərbi texnikanın robotlarını bizə nümayiş etdirdilər. Bu robotları azərbaycanlı uşaqların hazırladığına adamın inanmağı gəlmir. Amma bu, reallıqdır. Çünki bura “Qafqaz”dır.
Kimya laboratoriyasında 3-cü kurs tələbələri təcrübə keçirirdilər. Nə etmək istədikləri barədə bizə məlumat versələr də, mən şəxsən bir şey anlamadım, çünki çox elmi danışırdılar. Axırda mən sual verdim: “Qafqaz”da oxuduğunuz bu 3 ildə orta məktəb kimyasından nə qədər yuxarı qalxmısınız?” Tələbələrdən biri ümumi rəyi belə formalaşdırdı: “Orta məktəbdəki kimya kitabları təzədən yazılmalıdır, indiki kitabların kimya ilə əlaqəsi çox zəifdir”.
Müvafiq qurumların menyusuna: Bunu mən demirəm, “Qafqaz”ın tələbələri deyir. Bir az tələsin, yoxsa yeni kimya kitablarını da “Qafqaz”ın məzunları yazacaqlar.
***
Universitetin rektoru professor Ahmet Saniç deyir ki, mətbuatın bizi bu qədər bəyənəcəyini təsəvvür etmirdim, sanki jurnalistlərin hamısı “Qafqazkeş”dir.
Yox, professor, jurnalistlər hər şeyi bəyənən olmurlar. Ortaya qoyduğunuz fərqli bir universitet modeli bizləri “Qafqazkeş” olmağa məcbur edir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF