BP Qafqaz Universitetinə 1,3 milyon dollarlıq 11 laboratoriya bağışladı

BP şirkəti Qafqaz Universitetinə 11 dünya səviyyəli laboratoriya bağışlayıb.
Gün.Az xəbər verir ki, bu gün bağışlanan laboratoriyalar üçün 1,3 milyon dollar həcmində vəsait xərclənib.Bu məbləğ də daxil olmaqla, BP şirkəti bu günədək Qafqaz Universitetinə iki yeni fakültənin açılması və 16 laboratoriyanın qurulmasında yardım edən layihələrə 2,5 milyon dollardan artıq vəsait yatırıb.
Bu gün açılışı olan laboratoriyalar universitetin 2011-ci ildə BP tərəfindən əsası qoyulmuş mexanika mühəndisliyi fakültəsi üçün nəzərdə tutulub.
Yeni laboratoriyalar növbəti sahələrdə ixtisaslaşıb: aerodinamika və maye mexanikası; istilik elmləri və istilik keçiriciliyi; daxili yanma mühərrikləri və avtomobil; material və metalloqrafiya; materialların müqaviməti, mexaniki vibrasiya və səsə nəzarət; mexanizmlər və maşın dinamikası; avtomatik nəzarət; layihələndirmə və adekvat modelləşdirmə; emal üsulları; təxribatsız sınaq üsulları.
Bu BP şirkəti və Qafqaz Universiteti arasında 2009-cu ildə anlaşma memorandumunun imzalanması ilə başlanmış beş illik tərəfdaşlığın davamıdır. Bu vaxtadək bu tərəfdaşlıq çərçivəsində BP şirkəti 2009-cu ildə kimya mühəndisliyi fakültəsinin təsis olunmasına və onun ardınca 2011-ci ildə bu fakültə üçün beş dünya səviyyəli laboratoriyanın açılmasına dəstək göstərib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib ki, BP şirkəti yerli bacarıq və imkanların inkişaf etdirilməsinin , xüsusən də neft və qaz sahəsi ilə bağlı peşələr üçün dəstəklənməyə ehtiyac olduğunu hesab edir.
O qeyd edib ki, şirkət dünya səviyyəli yerli mütəxəssislərin və işçi qüvvəsinin yetişdirilməsi istiqamətində SOCAR-ın və Təhsil Nazirliyinin göstərdiyi səylərə dəstək olmaq üçün onlarla sıx əməkdaşlıq edib.
Q.Birrel bu mütəxəssislərin Xəzər regionundakı gələcək nəhəng layihələrə və əməliyyatlara cəlb olunacağını bildirib.
BP-nin regional prezidenti Qafqaz Universiteti ilə tərəfdaşlıqdan məmnun olduqlarını bildirərək qeyd edib ki, bu laboratoriyalar universitetin tələbələrinin ölkə daxilində beynəlxalq standarta cavab verən təhsil almalarına yardım etmək üçün nəzərdə tutulub.
Laboratoriyaların açışılında çıxış edən Qafqaz Universitetinin rektoru Əhməd Sanıc BP şirkəti ilə Universitet arasında 11 il əvvəl başlayan əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də gələcəkdə həyata keçiriləcək böyük layihələrdə mühəndislərə böyük ehtiyac olacağını və buna görə də mühəndis kadrlarının hazırlanmasına böyük önəm verildiyini qeyd edib. O, bu mənada bu laboratoriyaların bu kadrlar üçün  çox faydalı olacağını əlavə edib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Qafqaz Universitetinin ali təhsil sistemində düzgün mövqe tutduğunu bildirib. O, Universitetin məktəblərlə, işəgötürənlərlə sıx əlaqə saxlamasını alqışlayıb.

Günel Abbasova

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF