Qafqaz Universitetinin Mexanika Mühəndisliyi fakültəsinin laboratoriya kompleksinin açılış mərasimində iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan təhsilin inkişafı haqqında dövlət strategiyasını Qafqaz Universiteti günbəgün həyata keçirir. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev isə bildirib ki, böyük layihələrin həyata keçirilməsi üçün Azərbaycanda mütəxəssislərə ehtiyac var: “Kadrların xarici ölkələrdə hazırlanması çox böyük vəsait tələb edir. Buna görə də Azərbaycan universitetləri ilə bir çox şirkətlər arasında əlaqələrin qurulması vacibdir”. “BP-Azərbaycan”ın prezidenti Gordon Birell çıxışında qeyd edib ki, Qafqaz Universiteti ilə əməkdaşlıqdan məmnunuq: “Yüksək səviyyəli mütəxəssis yetişdirən Qafqaz Universitetinin mexanika mühəndisliyi ixtisasına yüksək balla qəbul olan və Prezident təqaüdünə layiq görülən tələbələri eşidəndə çox məmnun oldum”. Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri dosent Ənvər Özərən ümummilli liderimiz Heydər Əliyevin xeyir- duası ilə fəaliyyətə başlayan “Çağ” Öyrətim Şirkətinin möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqəti ilə inkişaf etdiyini vurğulayıb. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç isə bildirib ki, laboratoriyanın binası FAB boyalarının, avadanlıqları isə “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gəlib.
BP “Qafqaz”da 16 laboratoriyanın qurulmasına 2,5 milyon dollar xərcləyib
Dünən Qafqaz Universitetinin Mexanika Mühəndisliyi fakültəsinin laboratoriya kompleksinin açılışı olub. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri dosent Ənvər Özərən, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Gordon Birell, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirib ki, bu laboratoriya “BP-Azərbaycan” şirkəti ilə Qafqaz Universiteti arasında bağlanan memoranduma əsasən qurulub. İkimərtəbəli bina FAB boyalarının, laboratoriyaların avadanlıqları isə “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. 2011-ci ildə layihənin birinci mərhələsi olan Kimya Mühəndisliyi laboratoriyaları istifadəyə verilib. Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün çox fərəhli bir gündür: “Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyuğu neft kontraktları bu gün öz bəhrəsini verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” siyasəti uğurla davam edir”. R. Abdullayev çıxışında bildirib ki, böyük layihələrin həyata keçirilməsi üçün Azərbaycanda mütəxəssislərə ehtiyac var: “Kadrların xarici ölkələrdə hazırlanması çox böyük vəsait tələb edir. Buna görə də Azərbaycan universitetləri ilə bir çox şirkətlər arasında əlaqələrin qurulması vacibdir. Bu istiqamətdə müvafiq dövlət proqramlarının həyata keçirilməsi önəmlidir”.
Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri dosent Ənvər Özərən ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan “Çağ” Öyrətim Şirkətinin möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqəti ilə inkişaf etdiyini vurğulayıb. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Gordon Birell çıxışında tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Qafqaz Universiteti ilə əməkdaşlıqdan məmnunuq: “Dünya səviyyəli işci qüvvəsinin yetişdirilməsi uçün BP şirkəti təhsil sahəsi ilə sıx əməkdaşlıq edir. Qafqaz Universiteti ilə tərəfdaşlıq imkan verir ki, belə yuksək laboratoriyalar quraq. 2011-ci ildə kimya mühəndisliyi sahəsində beş laboratoriya qurulub. Yüksək səviyyəli mütəxəssis yetişdirən Qafqaz Universitetinin mexanika mühəndisliyi ixtisasına yüksək balla qəbul olan və Prezident təqaüdünə layiq görülən tələbələri eşidəndə çox məmnun oldum. Qafqaz Universitetinin kollektivinə təşəkkür edirəm”.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov tədbir iştirakçılarına təhsil naziri Mikayıl Cabbarovun salamlarını çatdırıb və belə bir laboratoriyanın açılmasında əməyi olanlara nazirlik adından minnətdarlıq edib. O, qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmış təhsilin inkişafı haqqında dövlət strategiyasını Qafqaz Universiteti günbəgün həyata keçirir. Bu da nazirlik olaraq, bizi sevindirir. Qafqaz Universiteti ali təhsil müəssisəsi olaraq, işini düzgün qurub, iş dünyası ilə sıx əməkdaşlıq edir. Açılışını etdiyimiz bu laboratoriya dediklərimizin bariz nümunəsidir. FAB boyaları şirkətinin prezidenti Anar Əliyev ümummilli liderimizin “Təhsil millətin gələcəyidir” sözünü əsas götürərək, biz də bu şərəfli işdə iştirak etdiyimizdən məmnunuq.
“BP-Azərbaycan” şirkətindən bildiriblər ki, dünən Qafqaz Universitetinə bağışlanan laboratoriyalar üçün 1,3 milyon dollar vəsait xərclənib. “BP-Azərbaycan” şirkəti bu günədək Qafqaz Universitetinə iki yeni fakültənin açılması və ümumilikdə 16 laboratoriyanın qurulmasına toplam olaraq, 2,5 milyon dollardan artıq vəsait xərcləyib.