Seyid Yəhya Şirvani Şamaxıda yad edilib
UNESKO vəfatının 550-ci ildönümü münasibətilə 2013-cü ili Seyid Yəhya Şirvani ili elan edib. Belə ki, il ərzində S,Y Şirvani ilə bağlı bir sıra silsilə tədbirlər keçirilir. SİA-nın məlumatına görə, bu qəbildən olan növbəti seminar Şamaxı şəhərinin Heydər Əliyev Mərkəzində keçirilib.
Seminarlar Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin dəstəyi ilə baş tutur.
Tədbirdə Qafqaz Araşdırmalar İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Minəxanım Təkləli, Milli Televiziya və Radio Şurasının sədr müavini, professor Qafar Cəbiyev, rayon rəhbərliklərinin təmsilçiləri və yerli ziyalılar iştirak ediblər.
Seminar iştirakçıları əvvəlcə Qafqazda ilk məscid olan Şamaxı Cümə məscidinin tarixinə və bərpadan sonrakı vəziyyətinə həsr olunmuş "Əbədi işığın abidəsi" filmini seyr ediblər.
Daha sonra seminar iştirakçıları Seyid Yəhya Şiravaninin həyat və yaradıcılığı, onun irsi, məktəbi, sələf və davamçılarından danışıblar.