16 Aralık 2013 Pazartesi

“Qafqaz”da “Təhsilimizin ulduzları” adlı tədbir keçirildi


“Qafqaz”da  “Təhsilimizin ulduzları” adlı tədbir keçirildi
Dekabrın 14-də “Qafqaz” Universitetində ənənəvi “Təhsilimizin ulduzları” adlı tədbir keçirildi. Tədbirdə “Çağ Öyrətim” şirkətinin təhsil müəssisələrində məzun olmuş və yüksək bal toplayaraq seçdikləri ali məktəblərə qəbul olunmuşlar, həmçinin 2012-2013-cü dərs ilində beynəlxalq fənn və layihə olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş və bürünc medallar gətirən şagirdlərlə görüş keçirilib.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Çağ Öyrətim”in fəaliyyətindən, eləcədə 2013-cu il beynəlxalq fənn olimpiadalarında qazanılan qələbələr və məzunlarının ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri nailiyyətlərdən bəhs edən qısametrajlı film nümayiş olunub. Tədbirdə giriş sözü ilə çıxış edən “Qafqaz” Universitetinin prorektoru, professor Niftəli Qocayev Azərbaycanda təhsilə göstərilən diqqətdən və qayğıdan, universitetin əldə etdiyi nailiyyətlərindən danışıb. Sonra ardıcıl olaraq səhnəyə Azərbaycan-Türkiyə Özəl Liseylərinin və “Araz” Kurslarının 2013-cü ildə TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplamış şagirdləri, dinləyiciləri və Prezident Təqaüdünə layiq görülmüş məzunları, eləcə də respublika və beynəlxalq fənn və layihə olimpiadalarında medallar qazanmış şagirdlər dəvət edilib. Onlar qələbələri, əldə etdikləri nailiyyətlərlə bağlı mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam edib.

Fərahim İLQAROĞLU