BP şirkəti Qafqaz Universitetinə 11 dünya səviyyəli laboratoriya bağışlayıb
Bu gün BP şirkəti Bakıda yerləşən Qafqaz Universitetinə 11 dünya səviyyəli laboratoriya bağışlayıb. Bu, BP şirkətinin təlimlər, tərəfdaşlıqlar və təhsil təşəbbüslərinin cmaliyyələşdirilməsi vasitəsilə ölkənin yerli mütəxəssislərinin və işçi qüvvəsinin potensialının inkişaf etdirilməsinə dəstək vermək istiqamətində götürdüyü öhdəliyin bir hissəsidir.
Şirkətdən Trend-ə verilən məlumata görə, bu laboratoriyalar universitetin 2011-ci ildə BP tərəfindən əsası qoyulmış Mexanika mühəndisliyi fakültəsi üçün nəzərdə tutulub. Yeni laboratoriyalar növbəti sahələrdə ixtisaslaşıb: aerodinamika və maye mexanikası; istilik elmləri və istilik keçiriciliyi; daxili yanma mühərrikləri və avtomobil; material və metalloqrafiya; materialların müqaviməti; mexaniki vibrasiya və səsə nəzarət; mexanizmlər və maşın dinamikası; avtomatik nəzarət; layihələndirmə və adekvat modelləşdirmə; emal üsulları; təxribatsız sınaq üsulları.
Bu, BP şirkəti və Qafqaz Universiteti arasında 2009-cu ildə anlaşma memorandumunun imzalanması ilə başlamış beş illik uğurlu tərəfdaşlığın davamıdır. Bu vaxtadək bu tərəfdaşlıq çərçivəsində BP şirkəti 2009-cu ildə Kimya mühəndisliyi fakültəsinin təsis olunmasına və onun ardınca isə 2011-ci ildə bu fakültə üçün beş dünya səviyyəli laboratoriyanın açılmasına dəstək göstərib. 2011-ci ildə BP, həmçinin universitetdə Mexanika mühəndisliyi fakültəsini təsis edib, bu gün isə 11 laboratoriya bağışlayır.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel deyib: "BP şirkəti yerli bacarıq və imkanların inkişaf etdirilməsinin, xüsusən də neft və qaz sahəsi ilə bağlı peşələr üçün dəstəklənməsinə ehtiyac olduğunu hesab edir. Biz dünya səviyyəli yerli mütəxəssislərin və işçi qüvvəsinin yetişdirilməsi istiqamətində ARDNŞ-nin və Təhsil Nazirliyinin göstərdiyi səylərə dəstək olmaq üçün onlarla sıx əməkdaşlıq etmişik. Bu mütəxəssislər bizim Xəzər regionundakı gələcək nəhəng layihələrimizə və əməliyyatlarımıza cəlb olunacaq. Biz Qafqaz Universiteti ilə tərəfdaşlıq qurmaq üçün bu imkana malik olduğumuzdan məmnunuq və inanırıq ki, bu tərəfdaşlıq çox uğurlu olub. Bu bizə imkan verib ki, yeni fakültələrin açılmasında, dünya səviyyəli laboratoriyalardan və tədris avadanlıqlarından istifadə imkanının yaradılmasında iştirak edək. Bu laboratoriyalar universitetin tələbələrinin ölkə daxilində beynəlxalq standarta cavab verən təhsil almalarına yardım etmək üçün nəzərdə tutulub. Biz yeni nəsil yerli mühəndislərin yetişdirilməsinə dəstək olmaq üçün gələcəkdə də əməkdaşlıq edəcəyimizə ümidvarıq".
Bu gün bağışlanan laboratoriyalar üçün xərclənmiş 1,3 milyon dollar həcmində vəsait də daxil olmaqla, BP şirkəti bu günədək Qafqaz Universitetinə iki yeni fakültənin açılması və 16 laboratoriyanın qurulmasında yardım edən layihələrə 2,5 milyon dollardan artıq vəsait yatırıb.
Bundan əlavə, BP şirkəti yeni fakültələrdə təhsil alan tələbələri BP-nin mövcud təcrübə proqramlarına ərizə verməyə və başqaları ilə bərabər şəkildə işəgötürmə proseslərində iştirak etməyə dəvət etmək, BP mütəxəssislərini müntəzəm seminarlar və konfranslarda öz bilik və təcrübələrini bölüşməklə universitetin mühəndislik proqramlarına töhfə verməyə dəvət etmək, tələbələrin sənaye mühitində iştirakını artırmaq üçün BP-nin müvafiq laboratoriyalarına giriş imkanı yaratmaq istiqamətində öhdəlik götürüb.