Tanıdığım və tanımadığım Qafqaz Universiteti...
Son illərdə Azərbaycanda təhsilin inkişaf etdirilməsi sahəsində həyata keçirilən uğurlu islahatlar yüksək səviyyəli kadr hazırlığında önəmli rol oynamaqdadır. | |
Bu gün fəxrlə demək olar ki, müstəqilliyimizi əldə etdiyimizdən sonra ölkəmizin əksər ali məktəblərində hazırlanan kadrlar iqtisadi, elmi-texniki inkişafımıza öz töhfələrini verməkdə və yüksək bilik səviyyələri ilə Azərbaycanda fəaliyyət göstərən dünyanın aparıcı şirkətlərinin rəhbərlərini belə, özlərinə heyran etməkdədirlər. Təbii ki, Azərbaycanın gələcək inkişafına öz töhfəsini verən yüksək səviyyəli kadrlar hazırlayan ali məktəblər arasında 1993-cü ildən ölkəmizdə fəaliyyət göstərən Qafqaz Universitetinin adı fəxr və qürurla keçirilir. Qafqaz Universitetinin yüksək səviyyəli kadr hazırlaması barədə dəfələrlə yazılıb və ali tribunalardan bu ali məktəbin adına xoş sözlər işlədilib. Qafqaz Universitetinin sorağı Azərbaycanın sərhədlərini çoxdan aşaraq dünyanın hər yerinə yayılıb. Bu gün Qafqaz Universitetinin yetirmələri olan yüzlərlə gənc təhsillərini dünyanın müxtəlif ölkələrində davam etdirir və hər yerdə də onlardan razılıq edirlər. Bir sözlə, Qafqaz Universiteti ali təhsil ocaqlarımız arasında, belə demək mümkünsə, brendə çevrilib. Necə deyərlər, Qafqaz Universitetini bitirmisənsə, demək, hara getsən, qapılar üzünə açıq olacaq və səni məmnunluqla işə götürəcəklər. Ona görə də hər il imtahanlarda ən yüksək bal toplayan gənclərin əksəriyyəti Qafqaz Universitetini seçir. Onu da deyim ki, mənə Qafqaz Universitetinin ilk rektoru professor Zəfər Ayvazdan tutmuş hazırkı rektor Ahmet Saniç də daxil olmaqla bütün rektorlardan müsahibə götürmək nəsib olub. Onların hamısının da Azərbaycan təhsilinin yeni zirvələr fəth etməsi, iki ölkə arasında elm sahəsində möhkəm dostluq körpüsünün təməli qoyulması üçün gecə-gündüz demədən çalışdıqlarının şahidi olmuşam. Qafqaz Universitetinin ali məktəblər arasında brendə çevrilməsində onların böyük əməyi olub. Ötən gün qəzetimizin bir qrup əməkdaşı ilə birlikdə yenə də Qafqaz Universitetindəydik. Universitetin rektoru, çox gözəl bir insan olan professor Ahmet Saniç vaxtının az olmasına baxmayaraq, bizi olduqca səmimi qarşıladı və görülən işlərlə tanış elədi. Onunla söhbətə kimi mənə elə gəlirdi ki, Qafqaz Universitetini yaxından tanıyıram. Amma Ahmet müəllimin dediklərindən və universitetdə son illərdə həyata keçirilən yenidənqurma işləri ilə tanış olandan sonra anladım ki, bu ali məktəbi nə qədər yaxından tanıyıramsa, demə o qədər də tanımıram. Hər halda görülən işlər göz qabağındadır. Universitetin elmi laboratoriyalarına dünyanın istənilən ali məktəbi həsəd apara bilər. Burada yüksək səviyyəli elmi kadrlar hazırlanması üçün bütün şərait yaradılıb. Sözün düzü, bu elm təhsilində tələbələrin həm yüksək səviyyədə təhsil almaları, həm də onların düncəlmələri, asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şəraiti gördükdə könlümdən yenidən tələbə olmaq, burada oxumaq keçdi. Yeri gəlmişkən, bir məsələni də deyim. Bu da qəzetimizin əməkdaşı Loğman Məmmədlinin də fəxrlə dediyi kimi, Qafqaz Universitetində yalnız yüksək səviyyəli kadrlar deyil, həm də mənəvi baxımdan əsl insanlar hazırlayırlar. Günümüzdə həm yüksək səviyyəli kadr, həm də buna paralel olaraq, əsl insan hazırlamaq isə çox az ali məktəblərə nəsib olub. Onu da deyim ki, Qafqaz Universitetinin qızlar və oğlanlar üçün olan yataqxanalarında tələbələr üçün bütün şərait yaradılıb. Ölkəmiz üçün çox da yüksək olmayan xərclə tələbələr yataqxanada qala və gündə üç dəfə universitetin yeməkxanasında yemək yeyə bilirlər. Halbuki başqa yerdə bunun üçün bir tələbə azı üç dəfə çox pul xərcləməli olacaqdı. Bir sözlə, Qafqaz Universitetinin yeni zirvələrin fəthi üçün yürüşü davam edir və onun yetirmələri arasında Nobel mükafatı alanların olacağı gün uzaqda deyil.
http://zaman.az/az/columnistDetail_getNewsById.action?newsId=53844 e.mustafa@zaman.az |