Qafqaz Universitetində “Təhsilimizin ulduzları” adlı təntənəli tədbir keçirilmişdir

Qafqaz Universitetində “Təhsilimizin ulduzları” adlı təntənəli tədbir keçirilmişdir

Bakı, 14 dekabr (AzərTAc). Dekabrın 14-də Qafqaz Universitetində 2012-2013-cü dərs ilinin yekunlarına həsr olunmuş “Təhsilimizin ulduzları” adlı təntənəli tədbir keçirilmişdir. 

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, alimlərin, təhsil işçilərinin, şagird və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin prorektoru, professor Niftalı Qocayev ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamını xatırlatmışdır. 
Professor N.Qocayev universitetdə müasir tələblərə cavab verən yüksək tədris şəraitinin yaradıldığını, o cümlədən bp şirkətinin dəstəyi ilə burada yeni laboratoriyaların qurulduğunu və istifadəyə verildiyini diqqətə çatdırmışdır. 
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM) Təhsil Şurasının sədri Ənvər Özərən dahi rəhbər Heydər Əliyevin təhsilə böyük diqqət və qayğı göstərdiyini, müdrik şəxsiyyətin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır.
Ə.Özərən Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışmışdır. 
Müasir dünyada, ölkənin tərəqqisində təhsilin mühüm rolunu qeyd edən Ə.Özərən gənclərə bu sahədə nailiyyətlər arzulamışdır.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin təhsil müəssisələrində, o cümlədən Qafqaz Universitetində qazanılan uğurlardan bəhs edən film nümayiş etdirilmişdir. 
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin (“Çağ” Öyrətim İşlətmələri Şirkəti) Azərbaycan-Türkiyə özəl liseylərində, Qafqaz Universitetində təhsilin inkişafı üçün reallaşdırılan tədbirlər, əldə olunan nailiyyətlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, ABTM-nin təhsil müəssisələrinin şagirdləri ayrı-ayrı ölkələrdə keçirilən beynəlxalq olimpiadalarda, bilik yarışlarında yüksək nəticələr əldə etmiş, qızıl, gümüş və bürünc medallar qazanmışlar. 
Tədbirdə Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının 2013-cü il məzunlarının ali məktəblərə qəbulu ilə bağlı məlumat verilmiş, yüksək ballarla ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlara, təhsildə uğur qazanan müvafiq liseylərin şagirdlərinə, Qafqaz Universitetinin tələbələrinə mükafatlar təqdim edilmişdir. 
Digər çıxış edənlər də təhsilimizə göstərilən dövlət qayğısından söhbət açmış, şagird və tələbələri təbrik etmişlər. 
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF