22 Mayıs 2012 Salı

“MESENAT”I BU DƏFƏ TƏLƏBƏLƏR OYNADI - FOTOSESSİYA



Qafqaz Universitetinin tələbələri Zeynalabdin Tağıyevi fərqli aspektdən təqdim ediblər 
Ötən gün Azərbaycan Milli Dram Teatrında Əli Əmirlinin eyni adlı pyesi əsasında “Mesenat” tamaşası oynanıldı. 
 Qafqaz Universitetinin Mədəniyyət şöbəsi nəzdində fəaliyyət göstərən teatr dərnəyinin hazırladığı tamaşada aktyorlar elə Universitetin öz tələbələri idi.
Tamaşanın quruluşçu rejissoru Qafqaz Universiteti Mədəniyyət şöbsəinin müdiri Zəminə Axundova tamaşadan öncə Simsar.az-a açıqlamasında bildirib ki, premyera Gənc Tamaşaçılar Teatrında keçirilib: “Bu gün dördüncü çıxışımızı edəcəyik. Bundan əvvəl başqa tamaşalar hazırlamışıq. Bu tamaşa Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunub”.
Quruluşçu rejissor əlavvə edib ki, onlar tamaşaya nisbətən fərqli yanaşaraq ailə dramı fonunda Hacı Zeynalabidin Tağıyevin gördüyü işləri, onun ictimai fəaliyyətini daha çox qabardıblar: “Bunu etməkdə məqsədimiz Tağıyev irsinin öyrənilməsi, tanıdılması və bu günkü sərmayəçilərə, iş adamlarına xeyirxahlıq hisslərini aşılamaqdır”.
Gənc aktyorların universitetin müxtəlif kurs tələbələri olduğunu deyən Z.Axundova vurğulayıb ki, onların səhnə danışğı, səhnə hərəkəti bilgiləri olmasa da bu işə həvəsləri var: “Nə qədər çətin olsa da onların teatra, sənətə böyük maraqları var. Onlar hər ilin sonunda və əlamətdar günlərdə tamaşa hazırlayırlar”.
Tamaşada baş rolları Vüqar Məmmədov (Hacı Zeynalabidin Tağıyev), Aygül Ağayarlı (Sona xanım) canlandırıb. Digər rollarda isə universitetin Pedaqoji, Tərcümə, Hüquq, İbtiadi sinif bölümü, Azərbaycan dili və Ədəbiyyatı, Komputer mühəndisliyi, Bank işi, Beynəlxalq Münasibətlər, Hüquq fakultələrindən tələbələr iştirak ediblər.
Tələbələr “Mesenat”da Murtuza Muxtarov, Ağamusa Nağıyev, onların həyat yoldaşları, Nəriman Nərimanovun obrazlarını canlandırıb və bunun fonunda dövrün mənzərəsini veriblər.
Hacı Zeynalabidin Tağıyevin ölümü ilə yekunlaşan tamaşada Hacının son günləri ilə yanaşı, ölkənin bolşevik işğalına məruz qalması və bu işğalın gətirdiyi bəlalar da öz əksini tapıb.
Fatimə Kərimli
http://simsar.az/news/a-21048.html