Mesenat” sənət məbədində
22 May, 2012, Qafqaz
Universiteti teatr dərnəyinin həvəskar aktyorlarının ifasında
“Mesenat”ın anşlaqla keçən tamaşaları bu dəfə sənət məbədində-Azərbaycan
Dövlət Milli Akademik Dram Teatrında tamaşaçıların hərarətli alqışları
ilə qarşılandı.
Tələbə aktyorlar xalqımızın yaddaşında xeyirxah əməlləri
ilə dərin izlər buraxan xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ibrətamiz
xidmətlərini və fəaliyyətini böyük həvəslə və ustalıqla canlandırdılar.
Tamaşada dostlarının israrlı çağırışlarına baxmayaraq, nəinki özünün,
heç ailə üzvlərinin də Azərbaycandan ayrılmasına imkan verməyən mesenat
və ictimai xadim Hacı Zeynalabdinin tamaşaçılara məlum olan əməlləri
ilə yanaşı, onun yeni səciyyəvi cəhətləri təqdim olundu, tamaşaçılara
onun yolu ilə getmək, misilsiz xidmətlərindən oyrənmək tövsiyə edildi.
Sənətşünaslıq
namizədi Zəminə Axundovanın quruluş verdiyi “Mesenat” tamaşasının
premyerası Dövlət Gənc Tamaşaçılar Teatrında göstərildikdən sonra
Abşeron rayon Mədəniyyət Evində, Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrında teatrsevərlərə təqdim edilib.