“Çağ” bu etimadı işgüzarlığı ilə qazanıb”
Ağdaş Rayon Mədəniyyət Evində ümummilli lider
Heydər Əliyevin anadan olmasının 89, Azərbaycan Demokratik
Cümhuriyyətinin qurulmasının 94, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin
ölkəmizdə fəaliyyətə başlamasının 20 illiyi münasibətilə “Təhsil bir
millətin gələcəyidir” adlı tədbir keçirilib.
Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay çıxışında rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib; builki liseylərə qəbul imtahanına ilk 11 yeri tutan sağirdlərin təhsil haqqından azad olunduğunu diqqətə çatdırıb.
Ağdaş Rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Aynur Novruzova çıxışında Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqətin ayrıldığını qeyd edib. O bu diqqət və qayğının Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən də uğürla davam etdirildiyini bildirib. Onun sözlərinə görə, Heydər Əliyevin xeyir-duası ilə ölkəmizdə fəaliyyətə başlayan türk liseylərinin qısa zaman kəsiyində qazandığı uğurlar kifayət qədərdir.
Çıxışının sonunda Aynur xanım bu il liseyi qurtaran məzunları rayon rəhbərliyi adından təbrik edib.
Türkiyənin Gəncədəki baş konsulu Haluk Ağca Ağdaşa hər səfərində rayonun yetkililəri tərəfindən “Çağ”a ünvanlanan xoş sözlər eşitdiyini bildirib. Onun sözlərinə görə, “Çağ” bu hörməti, təbii ki, öz işgüzarlığı ilə qazanıb: “Bu, mənim üçün çox qürurverici bir hadisədir”. O, çıxışının sonunda bu il 16-cı məzun buraxılışını edən Ağdaş Özəl Türk Liseyinin müəllimlərinə və məzunlara uğurlar diləyib.
Qeyd edək ki, tədbir çərçivəsində 2011-2012 tədris ilində respublika, həm də dünya ölkələrində keçirilən olimpiadalarda medal qazanan lisey şagirdlərinə hədiyyələr də təqdim olunub.
Vüqar Nəbıyev Ağdaş
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43671