Asif Khan: “Burada gənclər vaxtlarını səmərəsiz şeylərə çox sərf edirlər” - MÜSAHİBƏ


Modern.az-ın yeni bir layihəsini təqdim edirik. Layihədə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin müsahibələri yer alaçaq. Qeyd edək ki, bu yeni layihəmizdə məqsədimiz əcnəbi tələbələrin Azərbaycan və azərbaycanlılar haqqında düşüncələrini oxucularımızla bölüşməkdir. Fikirləşdik ki, özümüzə və gəncliyimizə bir də əcnəbilərin gözü ilə baxaq.  İlk müsahibimiz  Hindistanın Kolkata şəhərindən olan Məhəmməd Asif Khan oldu. Asif Qafqaz Uuniversitetinin ingilis dili fakultəsinin IV kurs tələbəsidir. Müsahibimizin Azərbaycan və türk dillərində səlis danışmağı bizi çox heyrətləndirdi. Çünki  bizim bəzi gənclərimiz öz dilində danışmağı ayıb bildiyi halda Hindistanlı bir gənc 4-5  il ərzində dilimizi yaxşı mənimsəyib.    
 -  Asif, Azərbaycanda səni nə cəlb etdi ki, burda təhsil almaq qərarına gəldin?
- Mən Azərbaycada təhsil almaq haqqında düşünməmişdim və bu fikirə də 3-4 gün ərzində gəldim. Təhsil alacağım ölkəni dəqiqləşdirmək üçün vıkipediyada bir neçə gün axtarış etməli oldum. Bu axtarış nəticəsində fikirlərimi Azərbaycan üzərində cəmlədim.Çünki bu ölkə öz mədəniyəti ilə məni cəlb edə bilmişdi. 
 - Bəs necə oldu ki, Qafqaz Universitetini seçdin?  
 - İnternetdə araşdırma apararkən bu universitet diqqətimi daha çox cəlb etdi. Buradakı təhsil və şərait müasir dünya təhsil sisteminə çox yaxındır. Amma Azərbaycana gəldikdən sonra burada təhsil almağıma “peşman” oldum. Çünki digər universitetlərdə oxuyan dostlarım pul verib imtahanlara, dərslərə getmirlər. İşləməyə daha çox vaxtları olur. Amma mən bütün günümü demək olar ki oxumağa, universitetə sərf edirəm. Işə az vaxt ayıra bilirəm. Buna görə dostlarıma paxıllığım tutur.      
  - Azərbaycanla bağlı hansı düşüncədəsən?
- Deyə bilmərəm ki,  sevgim böyükdür Azərbaycana qarşı. Burasız yaşaya bilmərəm. Burada təcrübə öyrəndim, bu çox yaxşı oldu. Bildiyimə görə Azərbaycanda inkişaf daha intensivdir, bizim kimi  xarici vətəndaşlar üçün burada işləmək çox perespektivlidir. İnşallah Allahın köməyilə unversiteti bitirdikdən sonra təcrübə yığıb yenidən Azərbaycana qayıtmaq fikrim var, bəxtimi bir daha sınayacam. Belə ki, 3-5 il sonra burada yaşamaq mənim üçün daha da asan olacaq.
- Azərbaycana öyrəşmək çətin olmadı ki?
-  Əvvəllər çox çəkinirdim, mən nə türk, nə də Azərbaycan dilini bilmirdim. Ümumiyyətlə yad ölkə, ilk başlanğıc hamı üçün çox çətin olur. Bura ilk gəlişimi (uzun saç, sırğa və sol qaşımda persink) xatırladım. Hamı mənə qəribə baxırdı. Metroda bir uşaq mənim köynəyimi dartıb soruşmuşdu ki, sən Çindənmi gəlmisən... Bir müddət sonra mən buranın insanlarına da uyğunlaşdım, imicimi də dəyişdim. O qədər adaptasiya oldum ki, hətta valideyinlərilə danışarkən bəzən Azərbaycan türk dillərində danışıram, bu da dolayısı ilə o deməkdir ki, həddindən artıq çox öyrəşmişəm. Mən artıq belə də deyə bilərəm Bakı həm də mənimdir. Gecə həyatını da çox sevirəm. Bakı gecələrinin isə öz gözəlliyi var.
-Buradakı gənclik səncə necədir, ünsiyyət qurmaqda çətinlik çəkmirsən?
-  İlk olaraq onu deyim ki, Azərbaycan gənclər üçün ideal sayılacaq ölkələrdəndir. Gənclərə-yaşıdlarıma gəlincə sizin gənclər çox çılğındırlar. Əyləncələrə, yüksək səslə danışıb-gülməyə çox meyillidirlər. Hərdən düşünürəm ki, sizin gənclər vaxtı düzgün qiymətləndirməyərək əlavə, lazımsız işlərə daha çox vaxt ayırırlar. Sanki uşaqlıqdan ayrıla bilməyərək böyümək istəmirlər. O ki, qaldı mənim ünsiyyətimə, çox yaxşıdır. Hətta kirayə qaldığım evdə belə otaq yoldaşım azərbaycanlıdır. Bununla belə ünsiyyətdə olduğum insanlar çox olsa da dünyaya baxışımız fərqli olduğu  üçün burada az dostum var.   Müsahibimizdən Azərbaycan qadınlarına olan münasibətini də öyrəndik.    Hamı kimi o da ilk olaraq bizim qızların gözəlliyinə olan məftunluğun gizlədə bilmədi. Sualımızı qısa və dolğun cavablandıraraq bildirdi ki, qızlar onu elə valeh edib ki... Burada qız da sevir... Təhsilimizi bitirdikdən sonra onunla evlənmək fikrindəyik.
- Azərbaycan mətbəxi də Hindistan  mətbəxi kimi çox zəngindir. Bizim yeməkləri bəyənirsənmi?
- Olduqca çox bəyənirəm. Ən çox sevdiyim yeməklər isə “Piti” və “Yarpaq dolması”dır. Mən özüm də yemək bişirməyi xoşlayıram. Hətta yarpaq dolmasını sevgilimin köməyi ilə bişirmişəm. Əla da alınıb. Indi tək də bişirə bilirəm. Öz milli yeməklərimizi də bişirirəm. Restoranlar var ki, orada Hind yeməkləri verirlər. O restoranlara da tez-tez gedirəm. Amma əksər hallarda Azərbaycan yeməklərinə üstünlük verirəm.  
Asif bir az da öz vətənindən danış. Biz adətən Hindistanı kinolardan tanımışıq. Oranı kasıb və yoxsul bir yer kimi bilmişik...
- Bu hardasa bir siyasətdir. Bir dəfə bir şeyin şahidi oldum. Hindistanda iki turist şəhərin ortasında əllərində fotokamera şəkil çəkirdilər. Gördüm ki, yolun sağındakı gözəl və müasir binanı qoyub soldakı uçuq və bərbad binanı çəkirlər. Yaxınlaşıb niyə məhz bunu çəkdiklərini soruşduqda dedilər ki, Hindistan budur. Əslində biz kasıb deyilik. Elə olsaydı dünyadakı milyonçuların öndə gedənlərindən 6-sı hindistanlı olmazdı. Bu gün bütün dünyada, həmiçinin də Hindistanda bir varlı təbəqə, bir də yoxsul təbəqə formalaşır. Kinolara gəldikdə isə hindistanlı olsam da bu filimləri sevmirəm.        
Azərbaycanı yaşayacağı ölkə kimi seçən Asif sonda bildirdi ki, magistr təhsilini digər bir əcnəbi ölkədə aldıqdan sonra mütləq bura qayıdacaq. Onun Azərbaycanla bağlı öz planları var. Deyir ki, atasının biznesin davam etdirərək Azərbaycanda tekstil və ayaqqabı fabriklərinin nümayəndəliklərini açmaq istəyir.


 
Aygün NIZAMIQIZI - Elçin AĞAYEV 
http://modern.az/articles/24477/1/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF