Qafqaz Universiteti beynəlxalq mükafata layiq görülüb

Qafqaz Universiteti 29-30 aprel tarixlərində Almaniyanın Frankfurt şəhərində keçirilmiş Keyfiyyət üzrə 38-ci "Business Intiative Directions" (BID) beynəlxalq konqresində "International Arch of Europe" nominasiyası üzrə qızıl mükafata layiq görülüb. Bu barədə universitetin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, konqresdə universitetin biznes dünyası ilə qurduğu işgüzar münasibət və təhsil sektorunda göstərdiyi fəaliyyət "International Arch of Europe"un əsasnaməsi və QC100 - Keyfiyyətin Ümumi İdarəedilməsi modelinin meyarları əsasında yüksək qiymətləndirilib. Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən müxtəlif şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç iştirak edib.
Məlumatda o da diqqətə çatdırılır ki, BID təşkilatı hazırda dünyada "Keyfiyyət mükafatı" təqdim edən ən önəmli özəl şirkətlərdən biridir. Şirkətin əsas keyfiyyət prinsipləri Yaponiyadakı "Deming", Amerikadakı "Baldrige" və Avropadakı EFQM təşkilatları kimi güclü təməl üzərində qurulub. BID şirkətinin strukturu biznes informasiya sahəsində ekspert kimi fəaliyyət göstərən beynəlxalq mühəndis, riyaziyyatçı, iqtisadçı, fizik, jurnalist, psixoloq, dizayner, memar və s. kimi mütəxəssislərdən ibarətdir. Bu mütəxəssislər daimi olaraq dövlət və özəl sektorların informasiya mənbələrindən, mediadan, nəşrlərdən, reklamlardan, konsultasiya şirkətlərindən, yarmarkalar və sərgilərdən müxtəlif şirkətlər haqda informasiya toplayır və tədqiq edir.
BID təşkilatı davamlı olaraq keyfiyyət və idarəetmə sahəsində lider sayılan və seçilmiş şirkətlərə səs verən korporasiyalar arasında fasiləsiz sorğu həyata keçirir. Qafqaz Universitetinə təqdim edilən beynəlxalq BID mükafatı QC100 TQM (Keyfiyyətin Ümumi İdarəedilməsi) kriteriyaları əsasında verilir, hansı ki bu meyarlar biznes sahibkarlarının və şirkətlərin proses, servis və təşkilati sistemlərinin inkişaf etdirmə qaydaları kimi xarakterizə edilə bilər.  QC100 Keyfiyyətin Ümumi İdarəedilməsi modelinin uğurlu həyata keçirilməsi üçün əsas addımlar təşkilat olaraq keyfiyyəti hədəf götürmə, müştəri məmnuniyyəti, təşkilati sistem səmərəliliyi, innovasiya, texnoloji yenilik, cəmiyyətdə liderlik, kommunikasiya strategiyaları, ISO 9000, insan qaynaqları, daimi təlim və təhsil faktorları kimi vurğulana bilər.
"Business Initiative Directions" (BID) iş dünyasında keyfiyyət baxımından yüksək göstəricilərə malik şirkətləri mükafatlandıran nüfuzlu qeyri-hökumət təşkilatıdır və son 26 ildə müxtəlif nominasiyalar üzrə 117 ölkənin qabaqcıl şirkətlərini mükafatlandırıb. Bu şirkətlər ötən il müxtəlif vaxtlarda Paris, London, Madrid, Cenevrə, Frankfurt və Nyu-Yorkda "BID beynəlxalq konqresi" adı altında bir araya gəlib. Həmin görüşlərdə iştirak edənlər yeni mükafat veriləcək şirkətləri təklif edib. Namizədlər 21 adda müxtəlif keyfiyyət göstəriciləri (idarəetmə, tədqiqat və inkişaf, innovasiya, davamlı təhsil və s.) əsasında incələnib. Beynəlxalq Seçki Komitəsi bu göstəricilərdən azı 5-i üzrə yüksək dəyər qazanan namizədləri qalib elan edib.
"International Arch of Europe Award" mükafatı üçün namizədlərin seçilməsi şirkətin Seçki Komitəsi tərəfindən səsvermə yolu ilə həyata keçirilir. Yeni şirkətlərin namizədliyi əvvəlki illərdə təltif olunmuş qaliblərin təklif etdiyi təşkilatların qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Səsvermə prosedurunda konfidensiallığa ciddi nəzarət edilir. Belə ki, namizədliyi irəli sürülən şirkətlərin adı və səsvermə nəticələri gizli saxlanılır. Səsvermədə əsasən əvvəlki illərdə təltif edilən şirkətlərin prezidentləri iştirak edirlər. 
Y.ƏLİYEV

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF