“Olimpiadada ölkəmiz ən böyük tanıtma stendi ilə təmsil olunacaq”


Mayın 30-dan iyunun 14-dək Türkiyədə X Beynəlxalq Türkcə Olimpiadası keçiriləcək. Bu olimpiadada ayrı-ayrı dinləri, millətləri, irqləri təmsil edən şagirdlər türkcə söyləyəcəkləri şeir və oxuyacaqları mahnılarla öz duyğularını dünyaya bəyan edəcək, türk dilinin sevgi, barış dili olduğunu bir daha Yer kürəsinə çatdıracaqlar.
 Bu mənada həmin olimpiadanı dünyanın müxtəlif ölkələrindən toplanmış bir gül dəstəsi, buketi kimi dəyərləndirmək olar. Olimpiadanın məqsədi də türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanışlıq, onları bir araya gətirməkdir. Qeyd edək ki, Beynəlxalq Türkcə Olimpiadası bu il on yaşına qədəm qoyur. X Beynəlxalq Türkcə Olimpiadasında iştirak edəcək ölkələrin sayı 135-dən çox olacaq. Halbuki 2003-cü ildə onların sayı 17 idi. Olimpiada çərçivəsində tədbirlər Türkiyənin İstanbul, Ankara şəhərləri ilə yanaşı, bu ölkənin 67 şəhərində də keçiriləcək. Bağlanış mərasimi isə İstanbuldakı “Türk Telekom Arena” stadionunda təşkil ediləcək.
“Çağ” Öyrətim İşlətmələri Şirkətindən aldığımız məlumata görə, X Beynəlxalq Türkcə Olimpiadasında ölkəmizi türk liseylərindən və digər ümumtəhsil müəssisələrindən seçilmiş 65 məktəbli təmsil edəcək. Yeri gəlmişkən, qeyd edək ki, bu göstəriciyə görə ölkəmiz olimpiada iştirakçısı olan ölkələr arasında ön cərgədədir. Ümumiyyətlə, Azərbaycan məktəbliləri bu beynəlxalq yarışmalarda həmişə öz fəallıqları ilə fərqlənib, müxtəlif nominasiyalar üzrə olimpiadanın medallarına sahib olublar. Ümumilikdə isə türk dili olimpiadaları tarixində Azərbaycan cəmi 77 medal (22 qızıl, 38 gümüş və 17 bürünc) qazanıb.
Əsas təşkilatçısı Türkcə Öyrətim Mərkəzi olan olimpiadanın keçirilməsinə “Çağ”Öyrətim İşlətmələri Şirkətinin ayrı-ayrı ölkələrdəki nümayəndələri fəal dəstək göstərirlər. Ölkəmizdən beynəlxalq müsabiqədə iştirak edəcək məktəblilərin seçimi də Təhsil Nazirliyinin köməyi ilə “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən aparılıb. Şirkətin Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsindən bildiriblər ki,  seçim üçün Azərbaycan-Türkiyə özəl liseylərinin və digər məktəblərin şagirdləri arasında 3 mərhələdə müsabiqə keçirilib. Olimpiadada həmin müsabiqənin qalibləri, habelə bu ilin fevralında keçirilmiş “Ana dilini sevək, sevdirək”  yarışmasında fərqlənənlər iştirak edəcəklər.
Tədbir çərçivəsində iştirakçı ölkələrin tanıtma stendləri də sərgilənəcək. İstanbulun Sərgi Mərkəzində təşkil olunacaq bu mədəniyyət şölənindəki stendlərdə hər bir ölkənin mədəniyyətini, tarixi abidələrini, turizm obyektlərini, milli mətbəxini əks etdirən eksponatlar - şəkillər, maketlər nümayiş olunacaq. Minlərlə insan tanıtma stendləri ilə tanış olaraq, onların vasitəsilə iştirakçı ölkələrin mədəniyyətləri haqqında məlumat ala biləcəklər. Sevindirici haldır ki, Azərbaycan bu müsabiqədə Türkiyədən sonra ən böyük stendlə təmsil olunacaq. Qeyd edək ki, bu tədbirə ölkəmizdən müxtəlif peşə sahibləri ilə yanaşı, jurnalistlər də qatılacaqlar.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF