Qafqaz Universiteti qızıl mükafata layiq görülmüşdür.
“Veteninfo.az”ın
verdiyi xəbərə görə, Qafqaz Universiteti 29-30 aprel tarixlərində
Almaniyanın Frankfurt şəhərində keçirilmiş Keyfiyyət üzrə 38-ci B.I.D.
Beynəlxalq Konvensiyasında “International Arch of Europe” nominasiyası
üzrə qızıl mükafata layiq görülmüşdür. Konvensiyada universitetin biznes
dünyası ilə qurduğu işgüzar münasibət və təhsil sektorunda göstərdiyi
fəaliyyət “International Arch of Europe”-un əsasnaməsi və QC100 –
Keyfiyyətin Ümumi İdarəedilməsi Modelinin meyarları əsasında yüksək
qiymətləndirilmişdir. Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən
müxtəlif şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç iştirak etmişdir. Tədbir “İmarPress”-ə
daxil olan 26 media şirkəti tərəfindən işıqlandırılmışdır.
B.I.D. təşkilatı hal-hazırda dünyada
Keyfiyyət Mükafatı təqdim edən ən önəmli özəl şirkətlərdən biridir.
Şirkətin əsas keyfiyyət prinsipləri Yaponiyadakı “Deming”, Amerikadakı
“Baldrige” və Avropadakı EFQM təşkilatları kimi güclü təməl üzərinə
qurulmuşdur. B.I.D. şirkətinin strukturu biznes informasiya sahəsində
ekspert kimi fəaliyyət göstərən beynəlxalq mühəndis, riyaziyyatçı,
iqtisadçı, fizik, jurnalist, psixoloq, dizayner, memar, və s. kimi
mütəxəssislərdən ibarətdir. Bu mütəxəssislər daimi olaraq dövlət və özəl
sektorlarının informasiya mənbələrindən, mediadan, nəşrlərdən,
reklamlardan, konsultasiya şirkətlərindən, yarmarkalar və sərgilərdən
müxtəlif şirkətlər haqda informasiya toplayır və tədqiq edir.
B.I.D. təşkilatı davamlı olaraq
keyfiyyət və idarəetmə sahəsində lider sayılan və seçilmiş şirkətlərə
səs verən korporasiyalar arasında fasiləsiz sorğu həyata keçirir. Qafqaz
Universitetinə təqdim edilən beynəlxalq B.I.D. mükafatları QC100 TQM
(Keyfiyyətin Ümumi İdarəedilməsi) kriteriyaları əsasında təqdim edilir,
hansıki bu meyarlar biznes sahibkarlarının və şirkətlərin proses, servis
və təşkilati sistemlərinin inkişaf etdirmə qaydaları kimi xarakterizə
edilə bilər. QC100 Keyfiyyətin Ümumi İdarəedilməsi modelinin uğurlu
həyata keçirilməsi üçün əsas addımlar: təşkilat olaraq keyfiyyəti hədəf
götürmə, müştəri məmnuniyyəti, təşkilati sistem səmərəliliyi,
innovasiya, texnoloji yenilik, cəmiyyətdə liderlik, kommunikasiya
strategiyaları, ISO 9000, insan qaynaqları, daimi təlim və təhsil
faktorları kimi vurğulana bilər.
“Business Initiative Directions”
(B.I.D.) iş dünyasında keyfiyyət baxımından yüksək göstəricilərə malik
şirkətləri mükafatlandıran nüfuzlu qeyri-hokumət təşkilatıdır və son 26
ildə müxtəlif nominasiyalar üzrə 117 ölkənin qabaqcıl şirkətlərini
mükafatlandırmışdır. Bu şirkətlər ötən il müxtəlif vaxtlarda Paris,
London, Madrid, Cenevrə, Frankfurt və Nyu-Yorkda “B.I.D. Ümumdünya
Konqresi” adı altında bir araya gəlmişdir. Həmin görüşlərdə iştirak
edənlər yeni mükafat veriləcək şirkətləri təklif etmişdirlər. Namizədlər
21 adda müxtəlif keyfiyyət göstəriciləri (idarəetmə, tədqiqat və
inkişaf, innovasiya, davamlı təhsil və s.) əsasında incələnmişdir.
Beynəlxalq Seçki Komitəsi bu göstəricilərdən azı 5-i üzrə yüksək dəyər
qazanan namizədləri qalib elan etmişdir.
“International Arch of Europe Award”
mükafatı üçün namizədlərin seçilməsi şirkətin Seçki Komitəsi tərəfindən
səsvermə yolu ilə həyata keçirilir. Yeni şirkətlərin namizədliyi bir
öncəki illərdə təltif olunmuş qaliblərin təklif etdiyi təşkilatların
qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Səsvermə prosedurunda
konfidensiallığa ciddi nəzarət edilir. Belə ki, namizədliyi irəli
sürülən şirkətlərin adı və səsvermə nəticələri gizli saxlanılır.
Səsvermədə əsasən əvvəlki illərdə təltif edilən şirkətlərin
prezidentləri iştirak edir.
İRADƏ