BİM: Azərbaycanda oxumağa hara getməli?

Biznes-İnzibatçılığı Magistri (BİM) – işgüzar idarəetmə sahəsində daha çox tanınmış və məşhur olan akademik dərəcədir (onun xüsusiyyətləri haqqında burada oxuya bilərsiniz). Bu gün onu müxtəlif üsullarla əldə etmək mümkündür. BİM proqramları Qərbin əksər ali məktəblərində tədris olunur. Ona görə də iddiaçılar qarşısında çətin seçim durur: təhsil almaq üçün xaricə getmək və ya yerli universitetə daxil olmaq.
Dövlət ali məktəbləri
Azərbaycanda BİM proqramı Dövlət İqtisad Universiteti, Qərb Universiteti, Xəzər Universiteti, Qafqaz Universiteti və s. kimi ali təhsil ocaqlarında tədris olunur.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) BİM proqramının direktoru dosent Rövşən Quliyevin sözlərinə görə, hazırda BİM proqramı üzrə təhsil alan magistrlərin ümumi sayı 700 nəfərdən çoxdur. Onların arasında xaricilər çoxluq təşkil edir. BİM proqramına qəbul Dövlət Komissiyası tərəfindən ildə iki dəfə aşağıdakı ixtisaslar üzrə aparılır: maliyyə, təşkilatçılıq, beynəlxalq biznes, menecment, marketinq.
Bakalavr pilləsində əldə olunmuş ixtisaslaşmadan asılı olmayaraq, bu ixtisaslar üzrə müsabiqədə bütün ali məktəb məzunları iştirak edə bilər. Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Təhsil müddəti – iki ildir. Əyani təhsilin dəyəri – ildə 1500 manat, qiyabidə isə (2,5 il olmaqla) - ildə 1000 manatdır.
Bundan başqa, 2010-cu ildən ADİU Moskva Beynəlxalq Biznes Ali Məktəbi (MBBAM İnstitutu) ilə birlikdə BİM magistr proqramını həyata keçirməyə başlamışdır. Proqram “Telekommunikasiya sahəsində idarəetmə” və “Strateji sahibkarlıq” ixtisasları üzrə magistr hazırlığını nəzərdə tutur. Təhsil müddəti iki ildir, ödəniş – ildə 7000 manatdır. Tədris həftədə 2-3 dəfə, axşam vaxtlarında aparılır.

Özəl universitetlər
Bakı Qərb Universitetində də tədris axşam saatlarında aparılır. Məşğələlər həm ştatda olan müəllimlər, həm də xaricdən, xüsusən ABŞ-n Alabama Universitetindən dəvət olunmuşlar tərəfindən aparılır. Hər yerdə olduğu kimi, kurs iki il sürür, tədris haqqı ildə 2 500 manat təşkil edir.
Xəzər Universitetində BİM proqramı ən yaxşı xarici ali məktəblərlə, xüsusən “İB” Norveç Ali Biznes Məktəbi ilə əməkdaşlıqda qurulur. Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakultəsinin dekan köməkçisi Sərvər Şükürovun sözlərinə görə, proqrama 15 fənn daxildir, təhsil müddəti isə dinləyicinin çalışqanlığından asılı olaraq 2,5-dən 5 ilə qədər olur. Təhsil yalnız ingilis dilində aparılır, tam kursun (15 fənn) haqqı 4500 manatdır.
BİM proqramını özəl Qafqaz Universitetində də dinləmək olar. Burada tədris ingilis və Azərbaycan dillərində aparılır. Qafqaz Universitetinin BİM proqramının əlaqələndiricisi Sərvər Qurbanovun sözlərinə görə, universitetdə müasir biznesin təcrübi hissəsinə xüsusi diqqət yetirilir. BİM tədrisi sahəsində Qafqaz Amerikanın Troy Universiteti ilə əməkdaşlıq edir, BİM İT proqramı isə İsveçrənin Chalmers Universiteti ilə müştərək aparılır. Qafqaz Universitetində BİM üzrə təhsil ili 1 600 manata başa gələcək.
Bu il BİM proqramı üzrə qəbul həmçinin Azərbaycan Diplomatiya Akademiyasında (ADA) da aparılacaq. ADA-nın BİM üzrə əlaqələndiricisi Günay Ziyadovanın sözlərinə görə, onların proqramı dünyanın aparıcı universitetlərinin BİM proqramı modelləri bazasında yaradılır və əsaslanır. Professor heyətinə Amerika və Avropa, həmçinin xarici universitetlərdə doktorluq dərəcəsi almış Azərbaycan vətəndaşlarından ibarət təcrübəli müəllimlər daxildir.
Karyera Yüksəlişi Mərkəzi tələbələrə iş axtarışında və təcrübədə kömək edəcək. BİM tələbələri semestr boyu mübadilə yolu ilə İspaniyanın tanınmış biznes məktəbində - İE Business School Madrid – təhsil almaq imkanı qazanacaqlar. Təhsil ingilis dilində aparılacaq.
BİM proqramını bitirdikdən sonra, iştirakçılara nümunəvi dövlət diplomları verilir. Lakin Azərbaycanda onlar ikinci ali təhsil almaq haqqında diplomla bərabər tutulmur. Ölkəmizdə BİM diplomu yalnız birinci ali təhsilə əlavə hesab edilir. Ancaq BİM dərəcəsi almaq tək nüfuzlu kağız parçası deyil, həm də faydalı əlaqələr imkanı verir, yeni karyera imkanları açır.
Stipendiantın gözləri ilə
Biz Qafqaz Universitetinin BİM proqramının məzunlarından biri Rövşən Əliyevin fikirləri ilə maraqlanmaq qərarına gəldik.
“BİM proqramı üzrə təhsil qərarım Azərbaycanda ilk dəfə Maliyyə Nazirliyinin dəstəyi ilə təşkil olunmuş aktuari kurslarını dinlədikdən sonra yarandı. Mən bu sahədə biliklərimi dərinləşdirmək istədim və aydın oldu ki, bu ixtisası yalnız biznes məktəblərdə tədris edirlər. Bu məni BİM proqramı üzrə təhsili davam etdirməyə sövq etdi. Azərbaycanda yeni olan aktuari xidmətləri sahəsində konsaltinq şirkəti açmaq arzumu həyata keçirmək üçün mənə biznesin idarə olunması sahəsində biliklərimi dərinləşdirmək vacib idi.
Təhsil prosesində mən bir daha əmin oldum ki, dinləyicinin çalışqanlığından çox şey asılıdır. Proqramlar və Qafqaz Universitetində tədris ABŞ-n Kolorado Universitetinin təcrübəsi əsasında tərtib edilib. Mən Qafqaz Universitetinin divarları arasında BİM proqramını öyrənərkən, öz işinin təşkili və idarə olunması üçün geniş bilik və alət spektri əldə etdim.
Mən dəfələrlə öz biznesimi yaratmaq barədə düşünürdüm, lakin uğursuzluqdan ehtiyat edirdim. BİM təlimi məndə öz qüvvəmə inam oyatdı. Çox güman ki, zaman keçdikcə tədris dövründə dinlənilən ayrı-ayrı fənn və mühazirələr unudulur, lakin əsas əldə etdiyim – fəlsəfə və biznesin idarə olunması məntiqi, məhz idarəetmə nöqteyi-nəzərindən işgüzar həyatın bir çox sahələrini müşahidə etmək və qiymətləndirmək imkanı, bir çox biznes ideyalar və onların reallaşdırılması bacarığıdır.
Mən bu gün Dövlət Sosial Müdafiə Fondu ilə Dünya Bankının təşkil etdiyi “Sosial müdafiənin inkişafı” layihəsində mütəxəssis kimi iştirak edir və öz konsaltinq biznesimi açmaq üçün lazımi hüquqi hazırlıq işləri aparıram.
Qeyd etmək istərdim ki, biznesin idarə olunması təkcə öz işini qurmaq istəyənlər üçün deyil, uğurlu karyera yaratmaq və şirkət rəhbərinə qədər yüksəlmək istəyənlərə də faydalıdır”.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF