Köksal Toptan “Qafqaz”da olub
Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan ölkəmizə səfəri çərçivəsində Qafqaz Universitetini də ziyarət edib. Akt zalında onunla keçirilən görüşdə çıxış edən bu təhsil ocağının rektoru, professor Ahmet Saniç deyib ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan “Qafqaz”ın gələn il sayca 15-ci məzunları həyata vəsiqə əldə edəcəklər. O daha sonra deyib:
“Artıq ikinci dəfədir ki, Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan Qafqaz Universitetində olur. O, 2008-ci ildə Qafqazın qonağı olub. Həmin görüşdə Köksal Toptana universitetimizin fəxri doktorluq diplomu və doktorluq rütbəsi də təqdim olunub”.
Sonra Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan çıxış edərək yenidən Qafqaz Universitetində olmağından, tələbə və müəllim heyəti qarşısında çıxış etməkdən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, “Qafqaz” iki qardaş ölkə arasında elmi-mədəni körpü rolunu oynayan bir təhsil ocağıdır. “Qafqaz” həm də iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin parlaq rəmzidir”. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu universitetin inkişafı üçün hər cür qayğı və diqqət göstərdiyini də xüsusi vurğulayıb. K. Toptan çıxışını bu sözlərlə tamamlayıb: “Əminəm ki, “Qaqaz” Azərbaycanın təhsil sisteminə, eləcə də iki qardaş ölkə arasındakı əlaqələrin inkişafına yeni-yeni töhfələr verəcək”. Tədbirin sonunda “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən qonağa xatirə plaketi və hədiyyə təqdim edib. Qeyd edək ki, tədbir çərçivəsində Köksal Toptanın Qafqaz Universitetinə ilk səfərindən hazırlanmış film də nümayiş olunub. Görüşdən sonra millət vəkili K. Toptan Qafqaz Universitetinin yeni istifadəyə verilmiş İqtisadiyyat fakültəsinin binası ilə də tanış olub. Gülər Rəsul
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46462