Gələcəyimizə dəstək olaq
Mədəniyyət
şöbəsi Hacı Zeynalabdin Tağıyev adına Yardım klubunun təşkilatçılığı
ilə xeyriyyə tədbiri keçirildi. Konsert yardım klubunun bu günə qədər
həyata keçirdiyi xeyriyyə aksiyalarına həsr olunmuş tanıtım
videoçarxının nümayişi ilə başladı. Klubun rəhbəri Mətanət Rüstəmova
xoş məramla yaradılmış H.Z.Tağıyev adına Yardım Dərnəyinin həyata
keçirdiyi tədbirlərin əhəmiyyətindən danışdı. O eyni zamanda klubun
gələcək fəaliyyətində də milli-mənəvi dəyərlərimizin qorunub saxlanması
və inkişaf etdirilməsi yolunda məşhur xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyev ənənələrini davam etdirəcəyini vurğuladı.
Maraqlı
konsert proqramına tanınmış sənət adamları da qatıldılar. Xeyriyyə
tədbirində kluba dəstək olan Miryusifin ifaçılıq məharəti sürəkli
alqışlarla mükafatlandırıldı. Tamaşaçı zalının gənc sənətçi ilə birlikdə
ifası Miryusifi daha da həvəsləndirdi və o universitet tələbələri
qarşında solo xeyriyyə konserti verəcəyini vəd etdi. Twins qızlar
qrupunun lirik ovqatla başlanan təqdimatı daha şux nəğmələrlə davam
etdi. Şuşa Musiqili Dram Teatrının aktyor heyətinin çıxışları konsertə
yeni rəng qatdı. Respublikanın Əməkdar artisti Şükufə Musayevanın və
Azad Məmmədovun ifasında dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal
alan” operettasından Telli və Vəli dueti yüksək professionallıq
nümunəsinin nümayişi olaraq alqışlandı. Konsert Şən və Hazırcavablar
Klubunun ifasında təqdim olunan rəngarəng yumorlar, parodiya və
intellektual-əyləncəli oyunlarla davam etdi.
Hacı
Zeynalabdin Tağıyev adına Yardım klubunun layihəsi üzrə ehtiyacı
olanlara ünvanlanmış Pulsuz Təhsil Mərkəzinin təlimçilərinə
sertifikatları təqdim edən Mədəniyyət şöbəsinin müdiri dr. Zəminə
Axundova Qafqaz Universitetinin tələbələrinin Tanrıdan bəxş olunan
xeyriyyəçilik xüsusiyyətlərini yüksək dəyərləndirdi. Qeyd edək ki,
xeyriyyə konsertindən əldə ediləcək vəsait Şuşa Musiqili Dram Teatrı və
qayğıdan məhrum olan insanlara ünvanlanacaq.
Mədəniyyət şöbə müdirliyi