Qafqaz Universitetində "Dünya boyda bir millətik" adlı ədəbi-bədii proqram keçirildi
28 December, 2012, Qafqaz Universiteti Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının həmrəyliyi Günü münasibətilə “Dünya boyda bir millətik” adlı ədəbi-bədii proqram keçirildi. Mədəniyyət şöbəsi sənət kurslarının foyedə sərgilədiyi təsviri sənət nümunələri diqqəti mövzu və rəng ahəngliyinə çəkdi.
Müqəddəs
torpaqlar uğrunda şəhid olanların xatirələri 1 dəqiqəlik sükutla yad
edilərək Azərbaycan və Türkiyə Respublikalarının dövlər himnlərinin
oxunmasıyla başlayan tədbiri giriş sözü ilə Universitetin rektoru
professor, doktor Ahmet Saniç açdı. Ədəbi –bədii gecənin rəsmi
hissəsinin qonaqları Millət vəkili Qənirə Paşayeva və “Ekol Mühəndislik
Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Baş direktorunun Sağlamlıq, Əməyin
Təhlükəsizliyi və Əməyin Mühafizəsi (SƏTƏM) üzrə müavini İsmayılov Rəşad
və ekoloq Ceyhun Əsgərov, Fateh Universitetinin müəllimi dr. Hakan Acar
xoş duyğu və hisslərini tələbələrlə bölüşdülər.
Qənirə Paşayeva
azərbaycanlıların birliyi və həmrəyliyi ideyasına əsaslanan bu bayramın
qayəsini, bütün dünyada yaşayan soydaşlarımızın Vətən qarşısında borclu
olduqlarını xatırlatdaraq, tələbələrə qırılmaz iradə, vətənpərvərlik,
möhkəm birlik, düşmənlərimizə qarşı mübarizədə qəddar və amansız
olmalarını dilədi. Dr. Hakan Acar millətimizin xoş gələcəyinin, firəvan
həyatının yer üzündə yaşayan azərbaycanlıların həmrəyliyindən asılı
olduğunu vurğuladı.
Ədəbi-bədii
proqram özfəaliyyət kollektivlərinin ifasında türksoylu xalqların
bir-birindən maraqlı milli rəqsləri və mahnıları ilə müşayət olundu.
Nübar Nəbizadə və Hicran Babazadənin sazda ifa etdikləri “Çırpınırdı
Qara dəniz ” musiqisi tariximizə canlı şahidlik edən aşıq sənəti, saz
havasının türkdilli xalqlarımızın həmrəylik simvolu olduğunu nümayiş
etdirdi.
Rəqs özfəaliyyəti kollektivlərinin ifasında “Qara dəniz
Horonu”, özbək, qırğız, türk, avar və azərbaycan rəqslərindən ibarət
“Popuri” rəqs çələngi bütün zalı riqqətə gətirdi, sürəkli alqışlarla
mükafatlandırıldı. Ulu öndər Heydər Əliyevin dilindən səslənən qürur
dolu “Mən fəxr edirəm ki, azərbaycanlıyam” etirafı tamaşaçıları ayağa
qaldırdı. Bu taleyüklü çağırış altında Azərbaycan və Türkiyə
Respublikalarının əzəmətlə dalğalanan bayraqları hərarətlə qarşılandı və
hər kəsi təqvimin təkcə sonuncu günü yox, hər günü bir yumruğa
dönərək, həmrəy olmağa səslədi.
Mədəniyyət şöbə müdirliyi