1-ci Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu keçirilir
Dekabrın 13-ü 1-ci Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu öz işinə başlayıb. Qafqaz Universitetində keçirilən simpozium dekabrın 15-dək davam edəcək. Əvvəlcə xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunan qısa film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan “Qayə” fondunun sədri Mustafa Saatçı Bəxtiyar Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıb. Deyib ki,onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilib, Tükiyədə və türkdilli ölkələrdə sevə-sevə oxunur. Qafqaz Universitetinin rektoru Ahmet Saniç də görkəmli alim və pedaqoq Bəxtiyar Vahabzadənin elm və təhsilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışıb. Təhsil Nazirinin müavini Qulu Novruzov isə vurğulayıb ki, Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Digər çıxışlarda da qeyd olunub ki, öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərən Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Bəxtiyar Vahabzadə yalnız şair deyil, həm də görkəmli dövlət, siyasət və fikir adamı idi. Bu böyük şəxsiyyətin əməlləri və əsərləri yaddaşlarda əbədi yaşayacaq. 3 gün davam edəcək simpoziumda 6 ölkədən 100-dən çox elm adamı və tədqiqatçı iştirak edir.
http://www.aztv.az/readnews.php?lang=az&id=8030