Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu başlayıb


Qafqaz Universitetində “I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu” öz işinə başlayıb. Bu barədə “Gündəlik Teleqraf”a universitetdən məlumat verilib.

Simpozium iştirakçıları tədbirdən öncə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər və məzarın önündə əklil qoyublar. Daha sonra xalq şairi Bəxtiyar Vahabzadənin məzarını ziyarət olunub. 

Simpoziumu Azərbaycan Respublikası Təhsil Nazirliyi, Türkiyə Respublikası Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi  (TİKA), Qafqaz Universiteti, “Qayə” fondu, Yunus Əmrə İnstitutu, Şəki İcra Hakimiyyəti və Dialoq Avrasiyanın təşkilatçılığı altında baş tutub.

Tədbirin giriş hissəsində xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş olunub. Sonra  simpoziumu giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açıb və bildirib ki, XX əsrin sonları, XXI əsrin əvvəllərində yaşanan ictimai dəyişmə, yeniliklərə həyatı ilə şahidlik etmiş, şahidi olduğu hadisələri əsərlərində əks etdirmiş şairlərdən biri olan Bəxtiyar Vahabzadə ədəbiyyatçı, millət vəkili, pedaqoq, xüsusən də xalq şairi kimi ictimai məhsuldarlığı və təsir gücü öz çağını aşmış, düşüncələri türk dünyasına yayılmış və geniş coğrafiyada hüsnrəğbət görmüş bir türk ziyalısıdır.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov, Yazıçılar Birliyinin sədri Anar Rzayev və başqaları çıxış edərək türk dünyasının sevilən şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından, zəngin irsindən danışıb, onun gələcək nəsillərə layiqincə ötürülməsini xüsusi vurğulayıblar.

“I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu”nda 6 ölkədən 35 universitet və tədqiqat mərkəzindən 100-dən çox elm adamı və tədqiqatçı iştirak edir. Tədbir üç gün davam edəcək.

Könül Səid

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF