Ana içeriğe atla

X Beynəlxalq türkcə olimpiadalarında “Azərbaycan günü”

May ayının 30-dan etibarən Türkiyənin İstanbul şəhərində X Beynəlxalq türkcə olimpiadalarına start verilmişdir. Bu olimpiadada 135 ölkənin içində Azərbaycan da yaxından iştirak edir. “ÇAĞ” Öyrətim şirkəti və Qafqaz Universitetinin təşkilatçılığı ilə bir qrup mətbuat nümayəndələri X Beynəlxalq türkcə olimpiadalarında iştirak etmək üçün həmin ölkəyə səfər etdilər. Qeyd edək ki, olimpiada çərçivəsində İstanbul Sərgi Mərkəzində iyun ayının 1-dən 4-ə qədər 5 qitədən 135 ölkənin təsvirindən ibarət mədəniyyət günləri də təşkil olunmuşdu. Tədbirin açılış mərasimində çıxış edən İstanbul Böyükşəhər Bələdiyyə sədri Kadir Topbaş bildirdi ki, bu tədbir ötən il Ankara Altınparkda keçirilmişdir. Bu il isə bu sərgi mərkəzində keçirilən tədbir daha maraqlı və yaddaqalan şəkildə təşkil olunmuşdur. Burada ümumilikdə 135 ölkədən 1500 şagird və 500 müəllim iştirak edir.
İyun ayının 2-də X Beynəlxalq türkcə olimpiadaları çərçivəsində İstanbul Sərgi Mərkəzində keçirilən mədəniyyət günlərində “Azərbaycanı tanıtım günü”nün açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən “ÇAĞ” öyrətim şirkətinin prezidenti Ənvər Özərən bildirdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstək verdiyi bu tanıtım tədbirinin layihəsi üzərində şirkətin əməkdaşları bir ay iş aparmışlar. Eyni zamanda 72 nəfər azərbaycanlı şagirdlərin, tələbələrin, 2 folklor heyətinin iştirak etdiyi bu tədbirin əsas mahiyyəti ondan ibarətdir ki, burada qədim Azərbaycanı xatırladan tariximiz, gözəl məkanlarımız, İçəri Şəhər, Şəki, Naxçıvan, Gəncə, Nizami Gəncəvinin türbəsi, gözəl və dadlı mətbəximiz, milli geyimimiz, sənətimiz “Azərbaycan” stendində ətraflı şəkildə nümayiş etdirilir. Hər il olduğu kimi, bu il də Azərbaycan ölkə tanıtımları içərisində birinci sırada yer almaqdadır. Konkret bu ilə gəlincə, sərgi üçün Azərbaycandan 4 ton paxlava, 3 ton qoz mürəbbəsi, 1 ton şəkərbura, 25 min Azərbaycan bayrağı, 20 min tanıtım broşürası, üzərində Azərbaycanla bağlı məlumatlar olan 20 min tanıtım yelpiyi gətirilmiş və ziyarətçilərə təqdim olunmaqdadır.
Qeyd edək ki, “Azərbaycan” stendi bütün stendlər içərisində ən böyük və zəngin olması ilə yaddaqalan olmuşdur.
Tanıtım tədbirindən sonra sərgi mərkəzinin həyətində qurulmuş səhnədə “Azərbaycan günü” adlı musiqili-bədii proqramı izləməyə gələnlər arasında hökumət qurumlarından, millət vəkillərindən, mətbuat nümayəndələrindən, sənət adamlarından ibarət Azərbaycan nümayəndə heyəti ilə yanaşı, xeyli sayda türkiyəli vətəndaşlar da vardı. Bu tədbirdə mahnı, şeir, kompozisiya bəstələmə, xalq rəqsləri kateqoriyaları üzrə azərbaycanlı şagirdlərin ifasında maraqlı nömrələr nümayiş olundu.
Qeyd edək ki, digər ölkələrin də bu kimi proqramları Türkiyənin 67 ayrı şəhərində və stadionlarında iyun ayının 14-dək keçirilməkdə davam edəcək. İyun ayının 9-da isə azərbaycanlı iştirakçıların mükafatlandırılma mərasimi keçiriləcək.
X Beynəlxalq türkcə olimpiadalarının bağlanış mərasimi İstanbulun Arena stadionunda iyunun-14-də həyata keçiriləcək.
Gülşən Hüseynova,
“Respublika”.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır