Türk dili 136 ölkəyə işıq saçdı
Türkiyədə Azərbaycanın da iştirak etdiyi 10-cu Beynəlxalq Türk dili Olimpiadası keçirilir
"Çağ" Öyrətim Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı ilə qardaş Türkiyəyə səfərimizin məqsədi artıq 10 ildir ki, təşkil olunan Beynəlxalq Türk Dili Olimpiadasında iştirak etmək idi.Mayın 30-da start götürən və iyunun 14-də başa çatacaq sayca 10-cu olimpiadanın keçirilməsində məqsəd türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanışlıq, onların bir araya gətirməkdir. Dünyanın 136 ölkə nümayəndələrinin qatıldığı sərgi çərçivəsində yaradılmış guşələrdə əsas üstünlük iştirakçı ölkələrin milli adət-ənənələrinin tanıdılmasına verilmişdi və guşələr tamamilə milli elementlərlə bəzədilmişdi.
İstanbul Sərgi Mərkəzində keçirilən sərgidə ölkələr üçün ayrılan guşələr qitələr üzrə qruplaşdırılmışdı. Məsələn, binanın birinci mərtəbəsində yalnız Afrika ölkələrinin nümayəndələrini görmək və afrikalıların milli müsiqisini eşitmək mümkün idi. İkinci mərtəbənin yarısı Asiya, digər yarısı isə Avropa ölkələri üçün ayrılmışdı. Doğma Azərbaycan Respublikasının guşəsi də məhz Avropa bölməsində idi...
Sərgi salonunun yuxarı hissəsində yerləşən Azərbaycan guşəsi sahəsinə görə 136 ölkə arasında ən irisi idi. Guşə tamamilə mile elementlər əsasında qurulmuşdu. Qədim İçərişəhərin qala divarlarını xatırladan maket səddi içəri iki yerdən - yuxarısında iri hərflərlə Azərbaycan yazılmış qoşa qalaqapısından keçmək mümkün idi. Guşədə xalqımızın malik olduğu hər cür tarixi-mədəni sərvətlərin nümunələrini görmək olardı. Qədim musiqi alətləri, məişətimizi xatırladan körpə beşikləri, nehrələr, yun əyirmək üçün cəhrələr, dulusçuluq məhsulları və onları göstərən maket obrazlar, Azərbaycan mətbəxinin əvəzsiz nemətləri - paxlava, mürəbbələr və sair tədbirə gələnlərin diqqətini çəkirdi. Onu da qeyd edək ki, sərgidəki bütün Azərbaycan təmsilçiləri qonaqlara tarixi-mədəniyyət nümunələrimizi milli geyimlərdə təqdim edirdilər. Bu isə dünyanın əksər xalqlarının təmsil olunduğu sərgidə Azərbaycanın daha çox tanınmasına şərait yaradırdı. Maraqlı məqamlardan biri isə bu idi ki, Azərbaycan guşəsinə gələn tamaşaçıların əksəriyyəti maket formasında quraşdırılan tarixi Şirvanşahlar sarayı, Qız qalası, Nizaminin məqbərəsi və sair önündə böyük həvəslə xatirə şəkilləri çəkdirirdilər.
Sərgi zamanı Azərbaycan guşəsinə gələn ən tanınmış qonaqlardan biri də "Çağ" Öyrətim Şirkətinin rəhbəri Ənvər Özərən, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic və sair oldu. Jurnalistlərə ayaqüstü açıqlama verən Ə.Özərən bildirdi ki, Azərbaycanla Türkiyə arasındakı tarixi-mənəvi əlaqələr qardaşlıq sevgisi üzərində qurulub və bu səbəbdən də həmişə sarsılmaz olaraq qalacaq. Ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsi prosesində "Çağ" Öyrətim Şirkətinin oynadığı roldan danışan müsahib onu da əlavə etdi ki, sərgidə Azərbaycana ən geniş yerin ayrılması məhz "bir millət, iki dövlət" şüarının bariz nümunəsidir. Onun sözlərinə görə, tədbirin davam edəcəyi müddətdə sərgiyə hər gün təxminən 600 min nəfərin gəlməsi proqnozlaşdırılıb. Yeri gəlmişkən, biz orada olduğumuz müddətdə sərgi salonunda həqiqətən çox böyük izdihamı müşahidə etdik və onu da xatırlatmaq yerinə düşərdi ki, sərgiyə gələn on minlərcə tamaşaçı kütləsinin əksəriyyəti əllərində məhz Azərbaycan bayrağı dalğalandırırdı...
İstanbulda olduğumuz müddətdə - olimpiadanın üçüncü günü həmin sərgi mərkəzində Azərbaycan gününə həsr olunan tədbir təşkil edildi. Təxminən 3 minədək tamaşaçının, o cümlədən Azərbaycandan gəlmiş 400 nəfərlik nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olundu. "Azərbaycan şöləni" adlanan həmin mərasimdə Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilən salonunda yerli tamaşaçılar konserti "Azərbaycan - Türkiyə" şüarları ilə müşayiət etdilər. Xüsusilə də azərbaycanlı uşaqların ifasında "Azərbaycan", "Çırpınırdı Qara dəniz", müxtəlif türk şərqiləri və sair böyük coşquyla qarşılandı. Yeri gəlmişkən, tədbiri izləyənlər arasında Bakıdan təşrif buyurmuş Azərbaycanın Xalq artistləri Həmidə Ömərova, Sənubər İsgəndərli, əməkdar artist Azərin, o cümlədən ölkəmizin İstanbuldakı diplomatik korpusunun və ictimai təşkilatların nümayəndələri də vardı. Konsertin sonunda qonaqlar adından çıxış edən aparıcının dediyi kimi, türk uşaqların "Ana" deyə müraciət etdiyi Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsirova Türk Dili Olimpiadasının milli dirçəlişimizdə oynadığı müsbət roldan, bu tədbir vasitəsilə türk millətinin, o cümlədən Azərbaycan xalqının və dövlətinin dünyada daha çox tanınmasından söz açdı. Bildirdi ki, "Çağ" Öyrətim Şirkətinin 10 il ərzində türk dilini tanıtmaq üçün həyata keçirdiyi haqqında söz açdığımız bu beynəlxalq miqyaslı tədbirə həmişə dəstək verməyə hazırdırlar.
Sonda xatırladaq ki, müxtəlif media orqanlarını təmsil edən Azərbaycan jurnalistlərinin İstanbula səfərini "Çağ" Öyrətim Şirkəti və Qafqaz Universiteti təşkil etmişdi. Onu da deyək ki, biz jurnalistlərin Türkiyədə keçirilən olimpiadanı izləməyimiz və İstanbulun tarixi-mədəniyyət nümunələri ilə tanış olmağımız üçün Qafqaz Universiteti mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin əməyi çox böyükdür. Bu səbəbdən də biz R.Rzayevin jurnalistlərə qayğısını və çəkdiyi zəhməti elə dolayısıyla türk dilinin dünyada tanıdılması prosesinin önəmli hissəsi hesab edirik.
Xatırladaq ki, azərbaycanlı jurnalistlərin ötən il keçirilən sayca 9-cu Türk dili Olimpiadasında da iştirakı təmin olunmuşdu. O vaxt Azərbaycanı təmsil edən uşaqlar 7 qızıl, 10 gümüş, 4 bürünc medal qazanmışdılar.
Vüsal Tağıbəyli, Bakı - İstanbul - Bakı
http://online.hafta-ichi.com/v5//2012/06/08/read=73883