«Karyerada ilk addım» Qafqazda

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə «Karyerada ilk addım» devizi altında növbəti aktiv məşğulluq tədbirini Qafqaz Universitetində keçirib. SİA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov və Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç tədbirin açılışında iştirak edərək, tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri, onların tələbə və məzunların aldıqları ixtisaslar və gələcək karyeraları baxımından münasib olması və s. ilə tanış olub, tədbirdə iştirak edən işəgötürənlərin, həmçinin tələbə və məzunların tədbir barədə fikir və rəylərini öyrəniblər.

Tədbirdə 79 müəssisə və təşkilat tərəfindən 687 boş iş yeri təqdim olunub. Həmin müəssisələrdən 9-u dövlət, 70-i qeyri-dövlət müəssisələridir. Tədbirin əsas məqsədi məzun və tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək, bununla da işəgötürənlərə qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasında imkan yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların layiqli işlə təminatına köməklik göstərmək olub.

Tədbirdə qeyri-neft sektoru üzrə fəaliyyət göstərən iri şirkət və kompaniyalardan «Azərcell Telekom» MMC, «Bakcell LTD» MMC, «European Tobacco – Baku» ASC, «Azərsun Holding» MMC, «Veysəloğlu Yayıcılı Qardaşlar» MMC, Dövlət Neft Şirkətinin İnsan Resursları Departamenti, İmprotex Travel MMC, «Atəşgah» sığorta şirkəti, «Ataturizm» MMC, «Paşa Travel» MMC, «Royal Bank» ASC, «Ata Holding» ASC və digər müəssisələr iştirak ediblər. Tədbirin gedişində işaxtaran vətəndaşlar və peşəyönümü üzrə müasir texnologiyalar əsasında məsləhət almaq istəyənlər üçün seminar-treninq də təşkil olunub.

Məlumat üçün bildirək ki, 2008-ci ildən başlayaraq «Qafqaz» Universitetində «Karyerada ilk addım» devizi altında keçirilmiş aktiv məşğulluq tədbirlərində ümumilikdə 301 müəssisə tərəfindən tələbə və məzunların seçiminə 2721 boş vakant iş yeri təqdim edilib. Tədbirlərdə iştirak etmiş tələbə və məzunlardan 622 nəfərə göndəriş verilib, 246 nəfər münasib işlə təmin edilib. Ümumilikdə, Bakı şəhəri üzrə bu vaxtadək «Karyerada ilk addım» devizi altında keçirilmiş aktiv məşğulluq tədbirlərində 1241 işəgötürən təşkilat tərəfindən 7915 boş vakant iş yeri təqdim olunub. Tədbirlərdə iştirak edənlərdən 2338 nəfərə göndəriş verilib, 1175 nəfər münasib işlə təmin edilib.

«Karyerada ilk addım» devizi altında tədbirlər bundan sonra da davam etdiriləcək.
Könül Kamilqızı

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF