Qafqaz Universitetinin iş dünyası ilə əlaqələr üzrə prorektoru, dosent Təyyar Mustafayev hesab edir ki, müasir dövrdə gənclərin iş tapa bilməmələrinin əsas səbəblərindən biri də onların düzgün ixtisas seçməmələridir
Hər il ali məktəblərə qəbul imtahanları
ərəfəsində ölkəmizdə ixtisas seçimi məsələsi əksər ailələrdə ciddi
müzakirə və mübahisə mövzusu olur. Səbəbi də odur ki, bir çox
valideynlər övladlarının ixtisas seçiminə hörmətlə yanaşsalar da,
bəziləri buna qarşı çıxırlar.
Mütəxəssislərin qənaətinə görə, seçimə
qarşı çıxan valideynlərin çoxu övladlarının ya həkim, ya da müəllim
olmasını istəyənlərdir. Bundan əlavə, ölkəmizdə nədənsə polis öz oğlunu
polis, həkim öz övladını həkim görmək istəyir və s. Bu il də ailələrdə
belə fikir ayrılığının olacağı istisna deyil. Bəs ixtisas seçərkən
nələrə diqqət etmək lazımdır?
Mütəxəssislər hesab edirlər ki, ixtisas seçimində övladın istedadı,
qabiliyyəti və marağı da nəzərə alınmalıdır. Çünki araşdırmalar göstərir
ki, istedadla ixtisas üst-üstə düşəndə, bir-birini tamamlayanda
gələcəkdə həmin şəxs mütləq bu sahədə inkişaf edir və özünü təsdiqləyə
bilir.
İxtisas seçimi ilə bağlı ekspertlər tərəfindən ümumi qəbul olunmuş
prinsiplər də var ki, bu, dünyanın bütün ölkələrində qəbul olunur və
tətbiq edilir. Məsələn, xasiyyətcə həssas, cəsarətsiz, qorxaq olanlara
həkimlik, polis, hərbçi sənətini seçmək tövsiyə edilmir. Qəti fikirli,
məntiqlə hərəkət edən, qanunlarımıza maraq göstərirsinizsə vəkil və ya
hakim ola bilərsiniz. Ünsiyyəti sevməyən, soyuqqanlısınızsa, insanlarla
sıx ünsiyyət qurulması lazım olan işlərdən qaçın. Utancaq, kompleksli,
tez həyəcanlanan, davranışlarını idarə edə bilməyən, öz fikrini isbat
etməkdə çətinlik çəkənlərə isə həm də incəsənət sahəsinə yönəlməmək
məsləhətdir. Əsas məqam odur ki, ali məktəbə qəbul olmaq istəyən şəxs
mütləq ixtisas seçərkən istedadla yanaşı, xarakterini də nəzərə
almalıdır. İxtisasını özü seçən şagirdlər mütləq və mütləq bu barədə
valideynlərinin, yaxınlarının məsləhətlərini də nəzərə almalıdırlar. Ən
azından onlardan həmin sənətin müsbət və mənfi tərəflərini öyrənməkdə
fayda var.
“Arzu etmədiyin ixtisası mənimsəmək də çətindir”
Qafqaz Universitetinin iş dünyası ilə əlaqələr üzrə prorektoru,
dosent Təyyar Mustafayev hesab edir ki, müasir dövrdə gənclərin iş tapa
bilməmələrinin əsas səbəblərindən biri də onların düzgün ixtisas
seçməmələridir: “Gənclər ali məktəblərə daxil olarkən ixtisas seçimini
düzgün aparmadıqları üçün sonradan iş tapmaqda çətinlik çəkirlər.
Hazırda orta məktəbi bitirən şagirdlərin əksəriyyəti üçün əsas məqsəd
universitetə qəbul olmaqdır. Bu zaman ixtisas və peşə seçiminə o qədər
də əhəmiyyət verilmir. Əksər hallarda valideynlər də bu cür düşünürlər.
Halbuki əsas məqsəd düzgün ixtisas seçimi olmalıdır. Gənclər elə ixtisas
seçməlidirlər ki, gələcəkdə həmin sahədə özlərinə münasib iş tapa
bilsinlər”.
İxtisas seçimi ilə bağlı tövsiyələrini açıqlayan T. Mustafayev deyib:
“Abituriyentlər yalnız harasa düşmək xatirinə ixtisas seçməməlidirlər.
Çünki bunun nəticəsi olmayacaq və həyatı boyu əzab çəkəcəklər. Arzu
etmədiyin ixtisası mənimsəmək də çətindir. Bundansa, hazırlaşıb gələn il
daha hazır vəziyyətdə imtahana gəlmək olar. TQDK bu mərhələdə
abituriyentlərə kömək məqsədilə hərtərəfli məlumat verir, onlar üçün
informasiya bolluğu yaradır. Abituriyentlər bilirlər ki, onlarla birgə
müsabiqədə iştirak edənlərin sayı nə qədərdir, nəticələri necədir, bu və
ya digər ixtisasa qəbul olmaq şansı nə qədərdir”.
“Harasa düşmək xatirinə ixtisas seçməyin”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə
Abbaszadə isə abituriyentlərə ixtisas seçimində bu tövsiyələri verib:
“İxtisas seçimi ilə bağlı tövsiyəm odur ki, abituriyentlər yalnız harasa
düşmək xatirinə ixtisas seçməsinlər, çünki bunun nəticəsi olmayacaq və
həyatları boyu əzab çəkəcəklər. Arzu etmədiyin ixtisası mənimsəmək də
çətindir. Bundansa, hazırlaşıb gələn il daha hazır vəziyyətdə imtahana
gəlmək olar”. TQDK sədri bu mərhələdə abituriyentlərə kömək məqsədilə
hər il “Abituriyent” jurnalının xüsusi buraxılışının çap olunduğunu
deyib: “Biz hər dəfə vurğulayırıq ki, hər bir gənc seçim barədə qərar
verməzdən əvvəl ixtisasın mahiyyətini dərk etməli, onu yaxşı-yaxşı
təhlil etməli, bütün cəhətləri əvvəlcədən nəzərə almalıdır. Lakin
təcrübə göstərir ki, ali təhsil müəssisələrinə qəbula hazırlaşanların
heç də hamısı bakalavr ixtisaslarının mahiyyəti haqqında tam və aydın
təsəvvürə malik olmur və təəssüf ki, bir çox hallarda kortəbii seçim
edirlər. Buna görə də gənclərimizə ali təhsil ixtisaslarının
xarakteristikası, təyinatı, bakalavriat təhsili başa çatdıqdan sonra
peşə-ixtisas hazırlığına uyğun olan fəaliyyət sahə və istiqamətləri,
gələcək iş yerləri barədə məlumat və açıqlamalar verilməsinə böyük
ehtiyac vardır”.