X Beynəlxalq Türk dili Olimpiadasının iştirakçıları ilə görüş olub
Bakı
Özəl Türk Liseyində 30 may- 14 iyun tarixlərində Türkiyədə keçirilən X
Beynəlxalq Türk dili Olimpiadasına qatılan Azərbaycan nümayəndə
heyətinin iştirakı ilə tədbir təşkil olunub. SİA-nın xəbərinə görə,
tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan-Türkiyə Özəl Liseyləri
Baş İdarəsi rəisi, Olimpiadada Azərbaycan təşkilat komitəsinin sədri
Mesut Kurnaz ölkə məktəblilərinin Türkiyədə keçirilən Beynəlxalq Türk
dili Olimpiadasında iştirakı haqda ətraflı məlumat verib. 2003-cü ildən
etibarən Türkiyədə Beynəlxalq Türk Dili Olimpiadasının keçirildiyini
deyən komitə sədrinin sözlərinə görə, olimpiadanın məqsədi türk
dilinin-türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada əhatəli
şəkildə tanınmasına və yayılmasına nail olmaqdır.
“Bu il 135 ölkədən 1500 şagirdin iştirakı ilə 10-cu yubiley
Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsi 30 may – 14 iyun
2012-ci il tarixlərində Türkiyənin 45 müxtəlif şəhərində 67 proqram
təşkil olunub. O cümlədən İzmir Atatürk Stadionunda 200 min nəfər
tamaşaçının iştirakı ilə keçirilib. Olimpiadanın rəsmi bağlanma mərasimi
İstanbul Türk Telekom Stadionunda 100 min nəfər tamaşaçının iştirakı
ilə təşkil olunub. Türkiyə mətbuatında olimpiada ilə əlaqədar 2521 xəbər
yayınlanıb. Həmçinin, Türkiyənin 45 televiziya kanalının müxtəlif
proqramlarında olimpiadanın gedişatı işıqlandırılıb. Türkiyə prezidenti
Abdullah Gül olimpiada iştirakçılarını Prezident İqamətgahında qəbul
edib”.
M.Kurnaz əlavə edib ki, bu il İstanbul Sərgi Mərkəzində təşkil
olunmuş sərgidə ən böyük stend Azərbaycana ayrılıb. Onun fikrincə, Türk
dili Olimpiadası yazı, danışıq, qrammatika, mahnı, şeir, xüsusi istedad,
xalq rəqsləri və digər nominasiyaları əhatə edib: “Olimpiadada bu il
Azərbaycanı təmsil edən şagirdlərimiz 10-cu yubiley Beynəlxalq Türk Dili
Olimpiadasında 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal
qazanıb. 10 il müddətində isə Azərbaycanı təmsil edən şagirdlərimiz 35
qızıl, 48 gümüş, 20 bürünc medal əldə ediblər”.
Tədbir olimpiadada uğur qazanan Azərbaycan nümayəndə heyətinin
üzvlərinin ifası ilə davam etdirilib. Bundan sonra, qaliblərə
təşəkkürnamələr də təqdim olunub. Qaliblərə mükafatları Yeni Azərbaycan
Partiyasının Səbail rayon Təşkilatının sədri Zahid Qaralov, Milli
Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli və digərləri
təqdim edib.
Z.Qaralov bildirib ki, Çağ Öyrətim İşlətmələrinin əsas məqsədi
güclü, tədbirli, savadlı insanları hazırlamaqdır. Onlar hər zaman
ağıllı, bilikli və ölkəsinə layiq gənclərin yetişdirilməsinə xidmət
edir. Hər il Türkiyədə təşkil olunan beynəlxalq olimpiada isə bütün türk
millətinin bir araya gəlməsinə, insanlıq naminə əl-ələ tutmasına şərait
yaradır.
MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli isə əlavə edib ki, bu olimpiada
hər zaman beynəlxalq arenada da medianın və ictimaiyyətin diqqət
mərkəzindədir. Onun sözlərinə görə, Beynəlxalq Türk Dili Olimpiadasının
məqsədi türk dilinin bütün dünyada əhatəli şəkildə tanınmasına nail
olmaqdır.