135 ölkə türk dilində danışdı
Türkiyədə Azərbaycanın da iştirak etdiyi 10-cu Beynəlxalq Türk dili Olimpiadası keçirildi
«Çağ” Öyrətim Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı ilə
qardaş Türkiyəyə səfərimizin məqsədi artıq 10 ildir ki, təşkil olunan
Beynəlxalq Türk Dili Olimpiadasında iştirak etmək idi. Mayın 30-da start
götürən və iyunun 14-də başa çatacaq sayca 10-cu olimpiadanın
keçirilməsində məqsəd türk dilini tanıtmaq və sevdirmək, dünyanın
müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli
dəyərləri ilə tanışlıq, onların bir araya gətirməkdir. Dünyanın 136 ölkə
nümayəndələrinin qatıldığı sərgi çərçivəsində yaradılmış guşələrdə əsas
üstünlük iştirakçı ölkələrin milli adət-ənənələrinin tanıdılmasına
verilmişdi və guşələr tamamilə milli elementlərlə bəzədilmişdi.
İstanbul Sərgi Mərkəzində keçirilən sərgidə ölkələr üçün ayrılan
guşələr qitələr üzrə qruplaşdırılmışdı. Məsələn, binanın birinci
mərtəbəsində yalnız Afrika ölkələrinin nümayəndələrini görmək və
afrikalıların milli müsiqisini eşitmək mümkün idi. İkinci mərtəbənin
yarısı Asiya, digər yarısı isə Avropa ölkələri üçün ayrılmışdı. Doğma
Azərbaycan Respublikasının guşəsi də məhz Avropa bölməsində idi…
Sərgi salonunun yuxarı hissəsində yerləşən Azərbaycan guşəsi sahəsinə
görə 136 ölkə arasında ən irisi idi. Guşə tamamilə mile elementlər
əsasında qurulmuşdu. Qədim İçərişəhərin qala divarlarını xatırladan
maket səddi içəri iki yerdən – yuxarısında iri hərflərlə Azərbaycan
yazılmış qoşa qalaqapısından keçmək mümkün idi. Guşədə xalqımızın malik
olduğu hər cür tarixi-mədəni sərvətlərin nümunələrini görmək olardı.
Qədim musiqi alətləri, məişətimizi xatırladan körpə beşikləri, nehrələr,
yun əyirmək üçün cəhrələr, dulusçuluq məhsulları və onları göstərən
maket obrazlar, Azərbaycan mətbəxinin əvəzsiz nemətləri – paxlava,
mürəbbələr və sair tədbirə gələnlərin diqqətini çəkirdi. Onu da qeyd
edək ki, sərgidəki bütün Azərbaycan təmsilçiləri qonaqlara
tarixi-mədəniyyət nümunələrimizi milli geyimlərdə təqdim edirdilər. Bu
isə dünyanın əksər xalqlarının təmsil olunduğu sərgidə Azərbaycanın daha
çox tanınmasına şərait yaradırdı. Maraqlı məqamlardan biri isə bu idi
ki, Azərbaycan guşəsinə gələn tamaşaçıların əksəriyyəti maket formasında
quraşdırılan tarixi Şirvanşahlar sarayı, Qız qalası, Nizaminin
məqbərəsi və sair önündə böyük həvəslə xatirə şəkilləri çəkdirirdilər.
Sərgi zamanı Azərbaycan guşəsinə gələn ən tanınmış qonaqlardan biri
də “Çağ” Öyrətim Şirkətinin rəhbəri Ənvər Özərən, Qafqaz Universitetinin
rektoru, professor Ahmet Sanic və sair oldu. Jurnalistlərə ayaqüstü
açıqlama verən Ə.Özərən bildirdi ki, Azərbaycanla Türkiyə arasındakı
tarixi-mənəvi əlaqələr qardaşlıq sevgisi üzərində qurulub və bu səbəbdən
də həmişə sarsılmaz olaraq qalacaq. Ölkələrimiz arasında əlaqələrin
daha da gücləndirilməsi prosesində «Çağ» Öyrətim Şirkətinin oynadığı
roldan danışan müsahib onu da əlavə etdi ki, sərgidə Azərbaycana ən
geniş yerin ayrılması məhz «bir millət, iki dövlət» şüarının bariz
nümunəsidir. Onun sözlərinə görə, tədbirin davam edəcəyi müddətdə
sərgiyə hər gün təxminən 600 min nəfərin gəlməsi proqnozlaşdırılıb. Yeri
gəlmişkən, biz orada olduğumuz müddətdə sərgi salonunda həqiqətən çox
böyük izdihamı müşahidə etdik və onu da xatırlatmaq yerinə düşərdi ki,
sərgiyə gələn on minlərcə tamaşaçı kütləsinin əksəriyyəti əllərində məhz
Azərbaycan bayrağı dalğalandırırdı…
İstanbulda olduğumuz müddətdə - olimpiadanın üçüncü günü həmin sərgi
mərkəzində Azərbaycan gününə həsr olunan tədbir təşkil edildi. Təxminən 3
minədək tamaşaçının, o cümlədən Azərbaycandan gəlmiş 400 nəfərlik
nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə Azərbaycan incəsənət
nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olundu.
«Azərbaycan şöləni» adlanan həmin mərasimdə Azərbaycanın və Türkiyənin
dövlət bayraqları ilə bəzədilən salonunda yerli tamaşaçılar konserti
“Azərbaycan - Türkiyə” şüarları ilə müşayiət etdilər. Xüsusilə də
azərbaycanlı uşaqların ifasında «Azərbaycan», «Çırpınırdı Qara dəniz»,
müxtəlif türk şərqiləri və sair böyük coşquyla qarşılandı. Yeri
gəlmişkən, tədbiri izləyənlər arasında Bakıdan təşrif buyurmuş
Azərbaycanın Xalq artistləri Həmidə Ömərova, Sənubər İsgəndərli, əməkdar
artist Azərin, o cümlədən ölkəmizin İstanbuldakı diplomatik korpusunun
və ictimai təşkilatların nümayəndələri də vardı. Konsertin sonunda
qonaqlar adından çıxış edən aparıcının dediyi kimi, türk uşaqların «Ana»
deyə müraciət etdiyi Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil
müşaviri Nəcibə Nəsirova Türk Dili Olimpiadasının milli dirçəlişimizdə
oynadığı müsbət roldan, bu tədbir vasitəsilə türk millətinin, o cümlədən
Azərbaycan xalqının və dövlətinin dünyada daha çox tanınmasından söz
açdı. Bildirdi ki, «Çağ» Öyrətim Şirkətinin 10 il ərzində türk dilini
tanıtmaq üçün həyata keçirdiyi haqqında söz açdığımız bu beynəlxalq
miqyaslı tədbirə həmişə dəstək verməyə hazırdırlar.
Sonda xatırladaq ki, müxtəlif media orqanlarını təmsil edən
Azərbaycan jurnalistlərinin İstanbula səfərini «Çağ» Öyrətim Şirkəti və
Qafqaz Universiteti təşkil etmişdi. Onu da deyək ki, biz jurnalistlərin
Türkiyədə keçirilən olimpiadanı izləməyimiz və İstanbulun
tarixi-mədəniyyət nümunələri ilə tanış olmağımız üçün Çağ Öyrətim
İşlətmələri Şirkətinin Azərbaycan –Türkiyə Özəl Litseylərinin baş
direktorunun müavini Ayhan Sipahi əməyi çox böyükdür. Bu səbəbdən də biz
Ayhan bəyin jurnalistlərə qayğısını və çəkdiyi zəhməti elə dolayısıyla
türk dilinin dünyada tanıdılması prosesinin önəmli hissəsi hesab edirik.
Xatırladaq ki, azərbaycanlı jurnalistlərin ötən il keçirilən sayca
9-cu Türk dili Olimpiadasında da iştirakı təmin olunmuşdu. O vaxt
Azərbaycanı təmsil edən uşaqlar 7 qızıl, 10 gümüş, 4 bürünc medal
qazanmışdılar.
Sabir Baxşalı,
Bakı – İstanbul - Bakı