22.06.2012, 18:48 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq
Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə
«Karyerada ilk addım» devizi altında növbəti aktiv məşğulluq tədbirini
22 iyun tarixində Qafqaz Universitetində keçirib. Əmək və əhalinin
sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Qafqaz Universitetinin
rektoru professor Ahmet Saniç tədbirin açılışında iştirak edərək,
tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri, onların
tələbə və məzunların aldıqları ixtisaslar və gələcək karyeraları
baxımından münasib olması və s. ilə tanış olub, tədbirdə iştirak edən
işəgötürənlərin, həmçinin tələbə və məzunların tədbir barədə fikir və
rəylərini öyrəniblər.
KİV-ə müsahibəsində nazir Fizuli Ələkbərov
son illərdə «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq
tədbirlərinin artıq ənənə halını aldığını və bu tədbirlərin müsbət
nəticələr verdiyini, hər il yalnız belə tədbirlər nəticəsində 600-700
gəncin münasib iş yerləri ilə təmin olunduğunu qeyd edib. Nazir bildirib
ki, gənclərin malik olduqları qabiliyyət və bacarıqlarını cəmiyyətə
təqdim edə bilməsi onların gələcək karyerasının inkişafı üçün vacib
şərtlərdən biridir. Belə tədbirlərdə bunun üçün, yəni tələbələrlə,
xüsusən universiteti bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində
olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin
qurulması üçün lazımi şərait yaradılır və onlarda öz bacarıq
səviyyələrini işəgötürənlərə təqdim etmək və onlarla ünsiyyət qurmaq
sahəsində müəyyən təcrübə formalaşır. Bu mənada tələbə və məzunlar üçün
faydalı olan bu aktiv məşğulluq tədbirləri bütün ali təhsil
müəssisələrində təşkil olunacaq.
Məlumat üçün bildirək ki,
tədbirdə 79 müəssisə və təşkilat tərəfindən 687 boş iş yeri təqdim
olunub. Həmin müəssisələrdən 9-u dövlət, 70-i qeyri-dövlət
müəssisələridir. Tədbirin əsas məqsədi məzun və tələbələrə aldıqları
ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək,
işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək,
bununla da işəgötürənlərə qısa vaxt ərzində müasir tələblərə cavab verən
ixtisaslı kadrların seçiminin aparılmasında imkan yaratmaq, eyni
zamanda işaxtaran vətəndaşların layiqli işlə təminatına köməklik
göstərmək olub.
Tədbirdə qeyri-neft sektoru üzrə fəaliyyət
göstərən iri şirkət və kompaniyalardan «AzərcellTelekom» MMC,
«Bakcell LTD» MMC, «EuropeanTobacco – Baku» ASC, «AzərsunHolding» MMC,
«Veysəloğlu Yayıcılı Qardaşlar» MMC, Dövlət Neft Şirkətinin İnsan
Resursları Departamenti, İmprotexTravel MMC, «Atəşgah» sığorta
şirkəti, «Ataturizm» MMC, «Paşa Travel» MMC, «Royal Bank» ASC, «Ata
Holding» ASC və digər müəssisələr iştirak ediblər. Tədbirin
gedişində işaxtaran vətəndaşlar və peşəyönümü üzrə müasir
texnologiyalar əsasında məsləhət almaq istəyənlər üçün seminar-treninq
də təşkil olunub.
2008-ci ildən başlayaraq «Qafqaz»
Universitetində «Karyerada ilk addım» devizi altında keçirilmiş aktiv
məşğulluq tədbirlərində ümumilikdə 301 müəssisə tərəfindən tələbə və
məzunların seçiminə 2721 boş vakant iş yeri təqdim edilib.
Tədbirlərdə iştirak etmiş tələbə və məzunlardan 622 nəfərə göndəriş
verilib, 246 nəfər münasib işlə təmin edilib. Ümumilikdə, Bakı şəhəri
üzrə bu vaxtadək «Karyerada ilk addım» devizi altında keçirilmiş
aktiv məşğulluq tədbirlərində 1241 işəgötürən təşkilat tərəfindən 7915
boş vakant iş yeri təqdim olunub. Tədbirlərdə iştirak edənlərdən 2338
nəfərə göndəriş verilib, 1175 nəfər münasib işlə təmin edilib.
Modern.az
http://modern.az/articles/25653/1/