Rövnəq Abdullayev: “Qafqaz Universitetinin məzunları daha tez işə qəbul olunurlar“
Publika.Az-ın məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev
Qafqaz Universitetinin qısa müddətdə Azərbaycanda fəaliyyət göstərən ali
təhsil müəssisələri arasında liderlər sırasında olduğunu deyib:
"Gənclər bu universitetə daha artıq maraq göstərir. ARDNŞ-də son
vaxtlar Qafqaz Universitetinin məzunları müsabiqə yolu ilə daha tez-tez
işə qəbul olunurlar. Universitetin tələbə və məzunları ARDNŞ-nin həyata
keçirdiyi təhsil proqramlarında fəal iştirak edir, müsabiqələrdə yüksək
nailiyyətlər əldə edirlər".
Bu il universitetdə açılmış "Kimya mühəndisliyi" fakültəsi ilə
"Azərikimya" İstehsalat Birliyi arasında qurulmuş sıx əməkdaşlıq
münasibətlərindən danışan Qafqaz Universitetinin rektoru Ahmet Saniç
deyib ki, növbəti tədris ilində açılması planlaşdırılan "Mexanika
mühəndisliyi" fakültəsi, habelə informasiya texnologiyaları sahəsində
ARDNŞ ilə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
ARDNŞ-nin perspektiv layihələrindən, o cümlədən kadr hazırlığı
sahəsində həyata keçirdiyi proqramlardan ətraflı söz açan Rövnəq
Abdullayev qeyd olunan sahələrdə Qafqaz Universiteti tələbələrinin
Şirkətin müvafiq idarə və müəssisələrində təcrübə keçmələri, kurs və
diplom işləri hazırlamaları üçün gələcəkdə də hər cür şəraitin
yaradılacağını vurğulayıb.
Görüşün sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirib
ki, bu ilin mayında universitetdə keçirilmiş Tələbə Forumu çərçivəsində
3000-dən çox tələbənin səsverməsi əsasında ARDNŞ və AFFA-nın prezidenti
Rövnəq Abdullayev "İlin idman adamı" seçilib.
Ahmet Saniç "İlin idman adamı" nominasiyası üzrə diplomu Rövnəq Abdullayevə təqdim edib.
Publika.Az