X Beynəlxalq Türk dili Olimpiadasının iştirakçıları ilə görüş olub
Bakı Özəl Türk Liseyində 30 may- 14 iyun tarixlərində Türkiyədə
keçirilən X Beynəlxalq Türk dili Olimpiadasına qatılan Azərbaycan
nümayəndə heyətinin iştirakı ilə tədbir təşkil olunub. SİA-nın xəbərinə
görə, tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan-Türkiyə Özəl
Liseyləri Baş İdarəsi rəisi, Olimpiadada Azərbaycan təşkilat komitəsinin
sədri Mesut Kurnaz ölkə məktəblilərinin Türkiyədə keçirilən Beynəlxalq
Türk dili Olimpiadasında iştirakı haqda ətraflı məlumat verib. 2003-cü
ildən etibarən Türkiyədə Beynəlxalq Türk Dili Olimpiadasının
keçirildiyini deyən komitə sədrinin sözlərinə görə, olimpiadanın məqsədi
türk dilinin-türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada
əhatəli şəkildə tanınmasına və yayılmasına nail olmaqdır.
“Bu
il 135 ölkədən 1500 şagirdin iştirakı ilə 10-cu yubiley Beynəlxalq Türk
Dili Olimpiadasının final mərhələsi 30 may - 14 iyun 2012-ci il
tarixlərində Türkiyənin 45 müxtəlif şəhərində 67 proqram təşkil olunub. O
cümlədən İzmir Atatürk Stadionunda 200 min nəfər tamaşaçının iştirakı
ilə keçirilib. Olimpiadanın rəsmi bağlanma mərasimi İstanbul Türk
Telekom Stadionunda 100 min nəfər tamaşaçının iştirakı ilə təşkil
olunub. Türkiyə mətbuatında olimpiada ilə əlaqədar 2521 xəbər
yayınlanıb. Həmçinin, Türkiyənin 45 televiziya kanalının müxtəlif
proqramlarında olimpiadanın gedişatı işıqlandırılıb. Türkiyə prezidenti
Abdullah Gül olimpiada iştirakçılarını Prezident İqamətgahında qəbul
edib”.
M.Kurnaz əlavə edib ki, bu il İstanbul
Sərgi Mərkəzində təşkil olunmuş sərgidə ən böyük stend Azərbaycana
ayrılıb. Onun fikrincə, Türk dili Olimpiadası yazı, danışıq, qrammatika,
mahnı, şeir, xüsusi istedad, xalq rəqsləri və digər nominasiyaları
əhatə edib: “Olimpiadada bu il Azərbaycanı təmsil edən şagirdlərimiz
10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasında 14 kateqoriya üzrə 13
qızıl, 10 gümüş və 3 bürünc medal qazanıb. 10 il müddətində isə
Azərbaycanı təmsil edən şagirdlərimiz 35 qızıl, 48 gümüş, 20 bürünc
medal əldə ediblər”.
Tədbir olimpiadada uğur
qazanan Azərbaycan nümayəndə heyətinin üzvlərinin ifası ilə davam
etdirilib. Bundan sonra, qaliblərə təşəkkürnamələr də təqdim olunub.
Qaliblərə mükafatları Yeni Azərbaycan Partiyasının Səbail rayon
Təşkilatının sədri Zahid Qaralov, Milli Televiziya və Radio Şurasının
sədri Nuşirəvan Məhərrəmli və digərləri təqdim edib.
Z.Qaralov
bildirib ki, Çağ Öyrətim İşlətmələrinin əsas məqsədi güclü, tədbirli,
savadlı insanları hazırlamaqdır. Onlar hər zaman ağıllı, bilikli və
ölkəsinə layiq gənclərin yetişdirilməsinə xidmət edir. Hər il Türkiyədə
təşkil olunan beynəlxalq olimpiada isə bütün türk millətinin bir araya
gəlməsinə, insanlıq naminə əl-ələ tutmasına şərait yaradır.
MTRŞ-nın
sədri Nuşirəvan Məhərrəmli isə əlavə edib ki, bu olimpiada hər zaman
beynəlxalq arenada da medianın və ictimaiyyətin diqqət mərkəzindədir.
Onun sözlərinə görə, Beynəlxalq Türk Dili Olimpiadasının məqsədi türk
dilinin bütün dünyada əhatəli şəkildə tanınmasına nail olmaqdır.