X Beynəlxalq Türk dili Olimpiadasının iştirakçıları ilə görüş olub
Bakı
Özəl Türk Liseyində 30 may- 14 iyun tarixlərində Türkiyədə keçirilən X
Beynəlxalq Türk dili Olimpiadasına qatılan Azərbaycan nümayəndə
heyətinin iştirakı ilə tədbir təşkil olunub. SİA-nın xəbərinə görə,
tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan-Türkiyə Özəl Liseyləri
Baş İdarəsi rəisi, Olimpiadada Azərbaycan təşkilat komitəsinin sədri
Mesut Kurnaz ölkə məktəblilərinin Türkiyədə keçirilən Beynəlxalq Türk
dili Olimpiadasında iştirakı haqda ətraflı məlumat verib. 2003-cü ildən
etibarən Türkiyədə Beynəlxalq Türk Dili Olimpiadasının keçirildiyini
deyən komitə sədrinin sözlərinə görə, olimpiadanın məqsədi türk
dilinin-türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada əhatəli
şəkildə tanınmasına və yayılmasına nail olmaqdır.
“Bu il 135
ölkədən 1500 şagirdin iştirakı ilə 10-cu yubiley Beynəlxalq Türk Dili
Olimpiadasının final mərhələsi 30 may - 14 iyun 2012-ci il tarixlərində
Türkiyənin 45 müxtəlif şəhərində 67 proqram təşkil olunub. O cümlədən
İzmir Atatürk Stadionunda 200 min nəfər tamaşaçının iştirakı ilə
keçirilib. Olimpiadanın rəsmi bağlanma mərasimi İstanbul Türk Telekom
Stadionunda 100 min nəfər tamaşaçının iştirakı ilə təşkil olunub.
Türkiyə mətbuatında olimpiada ilə əlaqədar 2521 xəbər yayınlanıb.
Həmçinin, Türkiyənin 45 televiziya kanalının müxtəlif proqramlarında
olimpiadanın gedişatı işıqlandırılıb. Türkiyə prezidenti Abdullah Gül
olimpiada iştirakçılarını Prezident İqamətgahında qəbul edib”.
M.Kurnaz
əlavə edib ki, bu il İstanbul Sərgi Mərkəzində təşkil olunmuş sərgidə
ən böyük stend Azərbaycana ayrılıb. Onun fikrincə, Türk dili Olimpiadası
yazı, danışıq, qrammatika, mahnı, şeir, xüsusi istedad, xalq rəqsləri
və digər nominasiyaları əhatə edib: “Olimpiadada bu il Azərbaycanı
təmsil edən şagirdlərimiz 10-cu yubiley Beynəlxalq Türk Dili
Olimpiadasında 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal
qazanıb. 10 il müddətində isə Azərbaycanı təmsil edən şagirdlərimiz 35
qızıl, 48 gümüş, 20 bürünc medal əldə ediblər”.
Tədbir
olimpiadada uğur qazanan Azərbaycan nümayəndə heyətinin üzvlərinin
ifası ilə davam etdirilib. Bundan sonra, qaliblərə təşəkkürnamələr də
təqdim olunub. Qaliblərə mükafatları Yeni Azərbaycan Partiyasının Səbail
rayon Təşkilatının sədri Zahid Qaralov, Milli Televiziya və Radio
Şurasının sədri Nuşirəvan Məhərrəmli və digərləri təqdim edib.
Z.Qaralov
bildirib ki, Çağ Öyrətim İşlətmələrinin əsas məqsədi güclü, tədbirli,
savadlı insanları hazırlamaqdır. Onlar hər zaman ağıllı, bilikli və
ölkəsinə layiq gənclərin yetişdirilməsinə xidmət edir. Hər il Türkiyədə
təşkil olunan beynəlxalq olimpiada isə bütün türk millətinin bir araya
gəlməsinə, insanlıq naminə əl-ələ tutmasına şərait yaradır.
MTRŞ-nın
sədri Nuşirəvan Məhərrəmli isə əlavə edib ki, bu olimpiada hər zaman
beynəlxalq arenada da medianın və ictimaiyyətin diqqət mərkəzindədir.
Onun sözlərinə görə, Beynəlxalq Türk Dili Olimpiadasının məqsədi türk
dilinin bütün dünyada əhatəli şəkildə tanınmasına nail olmaqdır.