X Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan stendi qızıl medala layiq görülüb
Atif Eyvazov/AZADİNFORM. Türkiyədə keçirilən X Beynəlxalq Türk
Dili Olimpiadasının qaliblərinin Bakıda mükafatlandırma mərasimi
keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə Azərbaycanın bir sıra
millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, ictimaiyyət
nümayəndələri iştirak edib.
Tədbirdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər
Özərən və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut
Kurnaz çıxış ediblər. Bildirilib ki, Türk dili, eləcə də türk dilləri
qrupuna daxil olan dillərin bütün dünyada tanınması və yayılmasına nail
olmaq məqsədi daşıyan olimpiadada 135 ölkədən 1500 şagird iştirak edib.
Türkiyənin 45 şəhərində 67 proqram təşkil edilib. Həmçinin İzmir
Atatürk stadionunda 200 min nəfər tamaşaçının iştirakı ilə tədbir təşkil
edilib. Ümumilikdə 100 min nəfərin iştirakı ilə İstanbul Türk Telekom
stadionunda olimpiadanın bağlanış mərasimi olub. Yazı, danışıq,
qrammatika, mahnı, şer, xüsusi istedad, xalq rəqsləri və digər
nominasiyaları əhatə edən olimpiadada Azərbaycanı təmsil edən şagirdlər
öz məharətlərini və ölkəmizin mədəniyyətini yüksək səviyyədə nümayiş
etdiriblər. Beləliklə, Azərbaycan şagirdləri bu ilki olimpiadada 14
kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal qazanıblar. Qeyd
olunub ki, 10 il müddətində Azərbaycanı təmsil edən şagirdlər 35 qızıl,
48 gümüş və 20 bürünc medal əldə ediblər.
Tədbirdə professor Zahid Qaralov, Milli Televiziya və Radio Şurasının
sədri Nuşirəvan Məhərrəmli və digərləri olimpiadanın əhəmiyyətindən
bəhs ediblər.
Sonda qaliblərə medal və mükafatlar təqdim olunub.