"Hər kəsin üzü təbəssümlə, sevinclə dolu idi"
Lənkəran Özəl Türk Liseyindən Türkiyəyə
gedəcəyimi mənə zəng vurub deyəndə elə sevindim ki... Ona görə ki, bu
ölkə mənə doğma və əziz olduğu qədər, həm də yaxındır. Hələ 1999-cu ildə
ilk dəfə Turkiyənin İstanbul şəhərində olanda insanların necə ürəkdən
bizə yanaşdıqlarının, qayğımıza qaldıqlarının şahidi olmuşdum. O
səbəbdən gedəcəyim tarixi səbirsizliklə gözləyirdim.
Üç il öncə hava limanında gördüyüm səliqə-sahman, insanların üzlərindəki təbəssüm bu illər ərzində azca olsa belə azalmamışdı. Hava limanında müəyyən proseduradan keçəndən sonra bizim üçün ayrılmış avtomobillə qalacağımız hotelə yola düşdük. "Ataköy Marina" hotelinə çatanda çoxlu azəri qardaş və bacılarımızın da orada olduqlarını gördük.
Bir neçə saatlıq istirahətdən sonra hazırlanmış plana uyğun olaraq, səyahətimizə başladıq. İstanbulun küçə və parklarındakı yaşıllıqlar məni bir daha ovsunladı. Milyonlarla insanın yaşadığı bu şəhərdə tıxacların olmasına baxmayaraq, sürücülər nə bir-birini "hədələyir" nə də siqnal çalırdı. Bizim maşının sürücüsündən bunun səbəbini soruşduqda o, siqnal çalmağın bu şəhərdə mədəniyyətsizlik kimi qəbul edildiyini bildirdi.
Səfərimizin ertəsi günü X Beynəlxalq Türk Dili Olimpiadasında iştirak edən ölkələrin İstanbul Sərgi Mərkəzində təşkil olunmuş tanıtma stendlərini izlədim. Həmin stendlərdə bu olimpiadada iştirak edən 135 ölkənin mədəniyyətini, tarixi abidələrini, turizm obyektlərini, milli mətbəxini əks etdirən eksponatlar - şəkillər, maketlər nümayiş olunurdu. Bu stendlərdə bəzi ölkələrin məktəbliləri ilə şəkil çəkdirməyi də unutmadım. Ölkəmiz bu tanıtmada ən böyük stendlə təmsil olunmuşdu. Onu da qeyd edim ki, stenddə, demək olar ki, miniatür Azərbaycanımız öz əksini tapmışdı. Burada digər stendlərlə müqayisədə izləyicilərin sayı daha çox idi. Nə isə, bütövlükdə sərgiyə böyük maraq var idi. Bir sözlə, insan əlindən tərpənmək mümkün olmayan bu sərgidə hər kəsin üzü təbəssümlə, sevinclə aşıb-daşırdı. Bu da Türkiyənin insana, insanlığa dəyər verən bir ölkə olduğunun bir daha sübutu idi.
SAMİD SADIQOV SPACE TV CƏNUB BÖLGƏ MÜXBIRI.,
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43912