Sevgi dili könüllərdə boy atan fidandır

Sinqapurda hava limanında bir problemin həlli üçün əlaqədar məmurla söhbət edirdim. Necə oldusa, məmurun davranışları ürəyimi sıxdı və öz-özümə türkcə iki kəlmə dedim: “söz anlamır”. Yanımda dayanan gənc sərnişin mənim dediklərimi eşidən kimi türk dilində: “siz türk dilini bilirsinizmi?” - deyə soruşdu. “Türkəm” dedim.
O da: “bir köməyə ehtiyacınız varmı? - soruşdu. “Xeyr, ehtiyacım yoxdur, amma bu məmur öz işini əməlli-başlı görə bilsə, çox məmnun olacağam”, - söylədim. O da gülərək: “Bilirəm, siz əsəbiləşib türkcə deyindiniz, mən də sizin türk dilini bildiyinizi öyrəndim”, - dedi. Bundan sonra söhbətimiz türkcə davam etdi. İndoneziyadan olan bu gənc ölkəsindəki türk liseylərindən birinin məzunudur və universitetdə oxuyurdu. Türkiyəyə səfər edib, türk dili olimpiadalarından yaxından xəbərdardır və türklər haqqında da sevgi ilə bəhs edirdi. İlk dəfə rast gəldiyim bu gənc ayrılarkən məni öz ölkəsinə dəvət etdi və “gəlsəniz, sizi qonaq saxlamaq istəyirəm”, - dedi.
Əgər siz də tez-tez səyahət etsəniz, mənim yaşadığım bu vəziyyətə bənzər mənzərələr yaşama ehtimalınız çox yüksək olar. Xüsusilə də, bu günlərdə hər rəngdən və irqdən insanların türkcə danışmalarına şahid olsanız, heç də təəccüblənməyin. Çünki onlar böyük ehtimalla türk dili olimpiadalarında iştirak etmək üçün Türkiyəyə gələn məktəblilər, müəllimlər və ya valideynlərdir.
Sizə zarafat gəlməsin, dünyanın 135 ölkəsindən “türk dili dostları” öyrəndikləri sevgi dilində keçirilən yarışda iştirak etmək üçün Türkiyəyə axın edirlər. Türk dili olimpiadasında məktəblilərin oxuduqları şeir, mahnı, göstərdikləri xalq rəqsləri və digər görüntülər türk dilinin onlar üçün yad, ögey bir dil olduğunu deyil, “sevgi və barış dili” olduğunu və onların türk dilinə də, türk insanına da sevgisini göstərir.
Bu il onuncusu keçirilən türk dili olimpiadalarında iştirak etmək üçün gələn məktəblilərin öz ölkələrini tanıtmaq, təbliğ etmək üçün gətirdikləri hədiyyələrə, sənət əsərlərinə, rəsmlərə və digər əşyalara baxanda sanki özümü Birləşmiş Millətlər Muzeyində hiss edirdim. Hər bir məktəbli özü ilə Türkiyəyə gətirdiyi və öz məmləkətinin rəmzi kimi tanınmış əşya haqqında danışır, onun mahiyyətini, mənasını izah edir, beləcə xalqların məişəti, həyat tərzi burada qaynayıb-qarışırdı. Bəzən də bu cür əşyalar satılırdı. Hər şey bir tərəfə qalsın, bu yarışda iştirak etmək üçün Türkiyəyə gələn 135 ölkə məktəbliləri bir-birinə öz ölkəsi haqqında danışır, sevgilərini, rəğbətini ifadə edir və öz uşaq dünyasının gələcəyə ünvanlanmış ümidlərini çatdırırdı. Bəli, bütün bunlar məhz bu tədbirin türk dili olimpiadalarının önəmini ifadə edir. Ən önəmlisi isə odur ki, bütün bu danışıqlar, ifadə olunan ümidlər, sevgilər, dostluq, qardaşlıq təklifləri onların hamısının ortaq dili olan türk dili vasitəsilə bir-birinə çatdırılır, türk dili sevgi dili, barış dili olur. Öz ölkəsinin milli geyimində gələn qonaqlar isə həm göründükləri, həm də söhbətləri ilə öz xalqını, öz mədəniyyətlərini təbliğ etməyə çalışırlar. Hər il yüz minlərlə Türkiyə vətəndaşı getmədiyi, gəzmədiyi, haqqında məlumatı olmadığı ölkələr, xalqlar haqqında bu tədbirə gələn məktəblilər vasitəsilə çox şeylər öyrənirlər. Minlərlə kilometr məsafə qət edərək, Türkiyəyə gələn bu şagirdləri valideynlər o fədakar müəllimlərə etibar etmişlər.
Türk dili olimpiadalarında Azərbaycanın yeri bir başqadır. Hər il olduğu kimi, bu il də türk dili olimpiadaları sərgiləri arasında Azərbaycan bölməsi xüsusi yerə sahibdir. Hər gün 600 mindən çox insan bu sərgiləri ziyarət edir və Azərbaycan stendinin önünə gələnlər “qardaş ölkə” deyərək, hər şeyə daha yaxından diqqət yetirir və sevgi ilə, rəğbətlə tamaşa edirlər. 135 ölkənin hər birinin öz bölməsi var və bu bölmələr arasında Azərbaycan bölməsinin müsbət mənada kəskin fərqləndiyi ilk baxışdan diqqəti çəkir. Azərbaycanın tarixi ünvanlarının maketləri, rəsmləri bu yurdun sahib olduğu dəyərlər haqqında geniş məlumat verir.
Şənbə günü saat 14.00-da başlayan Azərbaycan Kültür Şöləni isə sona qədər minlərlə tamaşaçı tərəfindən alqışlarla izlənildi.
“Çağ” Öyrətim İşlətmələrinin dəvəti ilə Azərbaycandan Türkiyəyə gələn media nümayəndələrinin tərkibində biz bu həyəcanı yaxından gördük və yaşadıq. “Çağ”ın dəvəti ilə çox sayda millət vəkilləri, mədəniyyət və elm xadimləri, müxtəlif təbəqələrə aid dəyərli adamlar İstanbula gəlmişdilər və Azərbaycan Kültür Şölənini böyük coşqu və duyğu ilə izlədilər. Biz orada istanbulluların Azərbaycan mədəniyyətini, musiqisini necə ürəkdən alqışladığının şahidi olduq. Bu səbəblə də “Çağ” Öyrətim İşlətmələrinə ən səmimi təşəkkürlərimizi çatdırırıq.
Biz bilirik ki, bir ölkənin tanınması təkcə dövlətin işi deyil, hər bir vətəndaş və ya təşkilat öz ölkəsinin təbliği və sevilməsi üçün əlindən gələn işləri görməlidir. Azərbaycandan türk dilləri olimpiadalarına qatılan məktəblilər bu ölkəni tanıtdırdıqları və sevdirdikləri üçün hər yerdə alqışla qarşılandılar. Bu sevgi siyasi və ya iqtisadi marağı olmayan, bir-birilərini və ölkələrini təmənnasız sevən məsum uşaqların unuda bilməyəcəyi və ömür boyu yaddaşlara yazılan bir sevgidir. Bu sevginin meyvələri ola bilsin ki, bu gün görünməsin, amma əmin olun ki, illər sonra siz, ya övladlarınız mütləq o sevgini görəcəksiniz. Bəlkə bir Sakit okean ölkəsində, bəlkə Afrika çöllərində, bəlkə buzlaqlarla örtülmüş bir ölkədə, bəlkə meşənin ortasındakı kiçik bir şəhərdə, bəlkə də, heç ağlınıza gəlməyən bir yerdə. Amma mütləq bir gün bu sevgi ilə qarşılaşacağınıza əmin ola bilərsiniz.  s.unal@zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır