O gecə hamı kövrəlmişdi

Lənkəran Özəl Türk Liseyində 28 may Respublika Gününə və “Çağ” Öyrətim Şirkətinin fəaliyyətinin 20 illiyinə həsr edilmiş  buraxılış gecəsi keçirilib.
Tədbirdə Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də Türkiyə və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Tükiyənin dövlət himnləri oxunub. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik fəaliyyətini özündə əks etdirən filmin nümayişindən sonra cari tədris ilində beynəlxalq və respublika fənn olimpiadalarında yer tutmuş şagirdlərə hədiyyələri təqdim etmək üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tahir Zülfüqarov səhnəyə dəvət olunub. Qalibləri və məzunları təbrik edən T. Zülfüqarov Lənkəran Özəl Türk liseyinin fəaliyyətini yaxından izlədiklərini, onlara hər zaman rayon rəhbərliyi səviyyəsində qayğı göstərildiyini və bundan sonra da hər zaman yanlarında olacaqlarını vurğulayıb. 
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəis müavini Ayhan Sipahi öz çıxışında bu təhsil ocaqlarının 20 il əvvəl ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başladığını söyləyib. O, “Çağ”ın həmişə etimada sədaqətlə xidmət etdiyini vurğulayıb. A. Sipahi liseyi bitirən hər bir məzunun uğur qazanacağına inandığını dilə gətirib. Qafqaz Universitetinin kompyuter mühəndisliyi bölməsinin kafedra müdiri Abzəddin Adamov da məzunlara uğurlar arzulayıb.  
Tədbirin sonunda liseyin müdiri Rüfət Əliyev məzunlara xatirə kitablarını təqdim edib sağollaşarkən duyğulu anlar yaşanıb, hətta bəzi məzunlar göz yaşlarını da saxlaya bilməyiblər. Tədbir çərçivəsində nümayiş etdirilən bədii proqram da maraqla izlənilib.
Bu tədbirdən sonra həmsöhbət olduğumuz valideynlərdən biri - Vidadi Mirzəyev övladının belə bir liseydə təhsil aldığı üçün qürur duyduğunu dilə gətirib: “Bu lisey regionumuzda lider təhsil ocağıdır”. Bu ilin məzunu Sabir Mirzəzadə isə öz duyğularını bu şəkildə dilə gətirib: “Arzum budur ki, bütün məzunlarımız bu təhsil ocağında öyrəndiklərini, sahib olduqları dəyərləri heç vaxt unutmasınlar, harada olmalarından asılı olmayaraq həmin dəyərləri yaşatmağa çalışsınlar”.
 Özəl Türk Liseyinin müdiri Rüfət Əliyev isə ona ünvanladığımız sualları belə cavablandırdı: -1993-cü ildən fəaliyyətə başlayan Lənkəran Özəl Türk liseyi ötən 19 ildə bir çox nailiyyətləri ilə yadda qalıb. Belə ki, liseyin şagirdləri beynəlxalq və respublika fənn olimpiadalarda, qızıl, gümüş və bürünc olmaqla, ümumilikdə 156 medal qazanıblar. Artıq liseyimiz 6-cı məzunlarını yola salır.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır