Beynəlxalq Türk dili Olimpiadası davam edir


Mayın 30-dan iyunun 14-ə kimi davam edəcək olimpiadaya dünyanın 135 ölkəsindən 600 min nəfər iştirakçı qatılıb.  

İstanbul Sərgi Mərkəzində təşkil edilən sərgidə hər ölkə onun üçün ayrılan stendlərdə özünün milli adət-ənənəsini milli geyimlərdə, milli atributlar və bayraqları altında nümayiş etdirir. Hər ölkə nümayəndəsi türk dilində mahnı oxuyur, şeir deyir, rəqs edir, milli mətbəxinə digər ölkə nümayəndələrini qonaq edir, hədiyyələr bağışlayır.

Azərbaycan nümayəndə heyətinin guşəsi isə olimpiadada xüsusi diqqət cəlb edib. Türkiyəyə ezam olunmuş jurnalist İlqar Qulusoy simsar.az-a bildirib ki, daha böyük bir hissə ayrılan Azərbaycan stendində Qız Qalası, tarixi və mədəni abidələrimiz, milli çalğı alətlərimiz, Şirvanşahlar sarayı, milli mətbəximizdən nümunələr seyrçilərin ixtiyarına verilib.

Azərbaycan guşəsinə yaxınlaşan müxtəlif xalqların nümayəndələri Azərbaycan şirniyyatına qonaq edilib.

Azərbaycan guşəsinə yaxınlaşanlara həmçinin Azərbaycan bayrağı, ölkəmizin tarixini, mədəniyyətini əks etdirən bukletlər, xəritə və s. xatirə hədiyyələri təqdim edilib.

Azərbaycan guşəsi ilə bağlı jurnalistlərə açıqlama verən “Çağ Öyrətim” Şirkətinin rəhbəri Ənvər Özeren bildirib ki, sərgi çərçivəsində Azərbaycana ən geniş yer ayrılmasının səbəbi iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin göstəriçisidir.

Olimpiadada Azərbaycanı təmsil edən incəsənət nümayəndələrinin Azərbaycan şöləni adı altında nümayiş etdirdiyi konsert proqramı isə daha möhtəşəm olub.

400-ə yaxın Azərbaycan nümayəndə heyətinin qatıldığı konsert proqramını hər kəs ayaq üstə alqışlayıb.

Azərbaycan bayrağını qaldıraraq hər ifanı alqışlayan tamaşaçılar Azərbaycan-Türkiyə şüarları səsləndiriblər.

Konsert proqramının sonunda Azərbaycan və Türk tamaşaçılarının gur alqışları ilə Çırpınırdı Qara dəniz mahnısı təqdim olunub.

Qeyd edək ki, ənənəvi olaraq Türkiyədə keçirilən beynəlxalq olimpiadanın əsas məqsədi türk dilini dünya xalqlarına tanıtmaq, sevdirmək, dünyanın müxtəlif ölkə mədəniyyətlərini, adət-ənənələrini, təhsili və milli dəyərləri ilə tanışlıq, onları bir araya gətirməkdir.
http://simsar.az/news/a-21562.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır