Azərbaycan Beynəlxalq Türk dili Olimpiadasında təmsil olunur - FOTO
Cəmiyyət
Mayın 30-dan etibarən Türkiyədə 10-cu Beynəlxalq Türk dili
Olimpiadası keçirilir. SİA-nın xəbərinə görə, tədbirin keçirilməsində
məqsəd türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin
mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanışlıq,
onların bir araya gətirilməsidir. Dünyanın 140 ölkə nümayəndələrinin
qatıldığı olimpiada iştirak edən ölkələrin milli adət və ənənələrinə
məxsus elementlərlə bəzədilən guşələri də təşkil olunub.
İstanbul
Sərgi Mərkəzində baş tutan sərgidə digər ölkələrlə müqayisədə
Azərbaycan üçün xüsusi və daha geniş yer ayırılıb. Sərgidə Azrilməsi, iki
qardaş, Azərbaycan tarixi Şirvanşahlar sarayı, Qız Qalası, ölkənin tarixi
və mədəni abidələri əks olunub. Sərgidə jurnalistlərə açıqlama verən
“Çağ” Öyrətim Şirkətinin rəhbəri Ənvər Özeren Azərbaycan və Türkiyə
arasındakı əlaqələrdən, dövlət başçılarının dostluq münasibətlərinin
inkişaf etdirməsi məqsədilə gördükləri işlərdən danışıb. O bildirib ki,
sərgi çərçivəsində Azərbyacana ən geniş yerin ayrılması iki qardaş ölkə
arasında dostluq və qardaşlıqdan xəbər verir.
Olimpiadanın
üçüncü günü isə həmin sərgi mərkəzində Azərbaycan gününə həsr olunan
tədbir təşkil olunub. Azərbaycandan gələn 400-ə yaxın nümayəndə heyəti
də iştirak edən tədbirdə Azərbaycan incəsənət nümayəndələrinin iştirakı
ilə konsert və qiraət proqramı keçirilib. “Azərbaycan şöləni” adlanan
həmin mərasimdə Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə
bəzədilən salonunda yerli tamaşaçılar konserti “Azərbaycan-Türkiyə”
şüarları ilə müşayət ediblər. Mərasimi qonaq qismində izləyənlər
arasında Azərbaycanın xalq artistləri Həmidə Ömərova, Sənubər
İsgəndərli, əməkdar artist Azərin, o cümlədən ölkəmizin İstanbuldakı
diplomatik korpusunun və ictimai təşkilatların nümayəndələri də olub.
Beynəlxalq
olimpiadanı işıqlandırmaq üçün “Çağ” Öyrətim Şirkətinin və Qafqaz
Unversitetinin təşkilatçılığı ilə bir qrup Azərbaycan media nümayəndəsi
Türkiyəyə səfər edib. Onlar Türkiyədə keçirilən olimpiadanı izləyiblər.
Türkiyəyə səfəri təşkil edilən Azərbaycan media təmsilçiləri üçün də
mədəni tədbirlər proqramı təşkil olunub. KİV nümayəndələri Bizans və
Osmanlı imperiyalarının dövründən qalmış tarixi abidələr, həmçinin
şəhərin diqqət çəkən məkanları ilə yaxından tanış olublar. Azərbaycandan
olan media təmsilçilərinə bələdçilər tərəfindən abidələrin tarixi və
əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.
Qeyd edək ki, olimpiada iyunun 14-dək davam edəcək. Ötən il Azərbaycan olimpiadada 7 qızıl, 10 gümüş, 4 bürünc medal qazanıb.
Vəli Vəliyev
http://www.sia.az/index.php?action=static_detail&static_id=300583