10-cu Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan uğurla təmsil olunur

 Bakı, 4 iyun (AzərTAc). Mayın 30-da İstanbulda başlayan və iyunun 14-dək müxtəlif şəhərlərdə davam edəcək sayca 10-cu Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan uğurla təmsil olunur.
AzərTAc xəbər verir ki, 10-cu Beynəlxalq Türk Dili Olimpiadasına dünyanın 135 ölkəsindən 1500 məktəbli qatılmışdır. Əsas məqsədi türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanış olmaq, onları bir araya gətirmək olan yarışmada şagirdlər inşa, qrammatika, nitq, xalq rəqsləri, şeir, rəsm, tamaşa, musiqi, dünyagörüşü daxil olmaqla 14 kateqoriyada çıxış etmişlər. Azərbaycanı bu olimpiadada təmsil edən 65 məktəbli də xüsusi fəallığı ilə seçilir.
Olimpiada çərçivəsində İstanbul Sərgi Mərkəzində yaradılmış pavilyonlarda iştirakçı ölkələrin mədəniyyətlərini, tarixi abidələrini, turizm obyektlərini, milli mətbəxini əks etdirən eksponatlar nümayiş olunmuşdur.
İstanbul Sərgi Mərkəzində Türkiyədən sonra ən böyük pavilyonla Azərbaycan təmsil olunmuşdur. Eksponatlarının zənginliyi ilə fərqlənən Azərbaycan pavilyonunda nümayiş olunan ölkəmizin tarixi abidələri olan Qız qalasının, Mömünə Xatun türbəsinin, Nizaminin məqbərəsinin, Şirvanşahlar sarayının, İçərişəhərin, Şəki Xan Sarayının maketləri, eləcə də xalqımızın mədəniyyətini, adət-ənənələrini əks etdirən müxtəlif məişət əşyaları, musiqi alətləri, milli geyim nümunələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Azərbaycan pavilyonu ilə tanış olanlara milli şirniyyatımız, üçrəngli bayrağımız, ölkəmiz haqqında məlumatları əks etdirən bukletlər və disklər paylanmışdır.
Əsas təşkilatçısı Türkcə Öyrətim Mərkəzi olan olimpiadanın keçirilməsinə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ayrı-ayrı ölkələrdəki nümayəndələri fəal dəstək göstərirlər. Ölkəmizdən beynəlxalq müsabiqədə iştirak edən məktəblilərin seçimi Təhsil Nazirliyinin dəstəyi ilə “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən aparılmışdır. Seçim üçün Azərbaycan-Türkiyə özəl liseylərinin və digər məktəblərin şagirdləri arasında üç mərhələdə müsabiqə keçirilmişdir. Olimpiadada həmin müsabiqənin qalibləri, habelə bu ilin fevralında keçirilən “Ana dilini sevək, sevdirək” yarışmasında fərqlənənlər iştirak etmişlər.
10-cu Beynəlxalq Türk Dili Olimpiadasının dördüncü günü İstanbul Sərgi Mərkəzində Azərbaycana həsr olunan konsert proqramı keçirilmişdir. Minlərlə tamaşaçının qatıldığı tədbirdə məktəblilərimizin ifa etdiyi Azərbaycan və Türkiyə milli folkloruna aid xalq mahnıları, rəqslər, şeirlər tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Mərasimdə çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil attaşesi Nəcibə Nəsibova tədbirin təşkilatçılarına təşəkkürünü bildirmiş, olimpiadanın əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, bu olimpiada türk dili və mədəniyyətlərinin sürətlə inkişaf etdiyini bir daha təsdiqləyir.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən 10-cu Beynəlxalq Türk Dili Olimpiadasının keçirilməsinin təkcə türk dilinin təbliğinə deyil, eyni zamanda, bütün insanlar arasında sevginin, dostluğun artırılmasına, xalqların bir-birini daha yaxından tanımasına xidmət etdiyini vurğulamışdır.
Tədbirdə Azərbaycan böyük bir nümayəndə heyəti ilə təmsil olunmuşdur. Olimpiadanı izləmək üçün ölkəmizdən Milli Məclisin deputatları, iş adamları, tanınmış incəsənət xadimləri, eləcə də “Zaman” qəzeti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və Qafqaz Universiteti tərəfindən dəvət olunmuş çoxlu sayda mətbuat nümayəndələri iştirak etmişlər.
Azərbaycanlı uşaqlar Türkiyənin digər şəhərlərində keçirilən yarışma və şənliklərdə də fəal iştirak edirlər. Olimpiada çərçivəsində müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrin qalibləri iyunun 9-da mükafatlandırılacaqlar. İyunun 14-də isə rəsmi bağlanış mərasimi ilə 10-cu Beynəlxalq Türk Dili Olimpiadası başa çatacaqdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır