Türkiyə Dövlət Arxivləri müdir müavini, Osmanlı arxivləri müdiri dos.dr.Mustafa Budak Qafqaz Araşdırmaları İnstitutunu ziyarət etmişdir.
Sentyabrın 29-da Türkiyə Dövlət Arxivləri müdir müavini, Osmanlı arxivləri müdiri dos.dr.Mustafa Budak Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Qafqaz Araşdırmaları İnstitutunu ziyarət etmişdir. İnstitutun müdiri dos.dr.Mehmet Rıhtımla qarşılıqlı görüşdə İnstitutun fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr, nəşrləri barədə məlumat alan Budak bəy, həmçinin bütün bunlarla əyani şəkildə tanış olmuşdur.
İnstitutunun gördüyü işləri yüksək qiymətləndirən Mustafa Budak bu işlərin Azərbaycan-Türkiyə ortaq tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulamışdır.
Daha sonra Qafqaz Universitetinin rektoru prof.dr.Ahmet Saniçlə də görüşən Mustafa Budak Universiteti gəzmiş, bölmələrlə tanış olmuşdur. Universitetin təhsil sistemilə maraqlanan qonağımız uğurların davamlı olmasını arzulamışdır.
Türkiyə Dövlət Arxivlərinin ən son nəşri olan “Osmanlı Arşiv Belgelerinde Nahçıvan” adlı çox qiymətli tədqiqat əsərini də İnstitutun kitabxanasına hədiyyə edən Mustafa Budak bu görüşdən məmnunluq duyduğunu, gələcəkdə də Qafqaz Araşdırmaları İnstitutu, eləcə də Universitetlə müxtəlif istiqamətlərdə əməkdaşlığa hazır olduqlarını ifadə etmişdir. Görüşün sonunda Qafqaz Araşdırmaları İnstitutunun müdiri dos.dr.Mehmet Rıhtım rəhbərlik etdiyi qurum adından Mustafa Budağa ziyarəti səbəbilə təşəkkür etmiş, bu ziyarətin əməli layihələr və qarşılıqlı əməkdaşlıqla nəticələnməsinə ümid etdiyini dilə gətirmişdir.