Oktyabrın 15-də Təhsil Nazirliyində ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu günlər ölkəmizin hər yerində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə tədbirlər keçirildiyini bildirib, zala toplaşanları təbrik edib. Nazir müstəqilliyimizin 20 illik tarixinə qısa nəzər salaraq bu illər ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini, həyatın bütün sahələrində uğurlar qazanıldığını, bu yolun əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çatdırıb. Müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi potensialının gücləndirilməsi istiqamətində aparılan işlərin 2003-cü ildən etibarən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirildiyini vurğulayan təhsil naziri ötən dövrdə Azərbaycanda çoxşaxəli və əhatəli quruculuq işlərinin görüldüyünü qeyd edib. Ölkə Prezidentinin gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını deyən nazir Azərbaycanda gənclərlə bağlı müvafiq Dövlət Proqramının qəbul edildiyini, istedadlı gənclərin vaxtında aşkara çıxarılması və inkişafı istiqamətində daim məqsədyönlü tədbirlərin həyata keçirildiyini söyləyib.
 Misir Mərdanov ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası haqqında məlumat verərək bildirib ki, Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən təşkil olunmuş olimpiadanın yekun mərhələsi cari il mayın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin bazasında keçirilib. Nazirin verdiyi məlumata görə, 12 fənni (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri) əhatə edən olimpiadanın I turu 28-i dövlət, 8-i isə qeyri-dövlət olmaqla 36 ali məktəbdə keçirilib və bu turda iştirak edən 1500-dən artıq tələbənin 684-ü final turuna vəsiqə qazanıb. Nazir, həmçinin 595 tələbənin müxtəlif fənlər üzrə olimpiadanın respublika turuna qatıldığını nəzərə çatdırıb.
Azərbaycanın bütün bölgələrinin ali təhsil müəssisələrinin olimpiadada təmsil olunduğunu vurğulayan təhsil naziri ali məktəb tələbələri arasında ilk olimpiadanın 1994-cü ildə 4 fənn üzrə keçirildiyini və 30 qalibin olduğunu xatırladıb. Nazir bu işin sonrakı illərdə daha da inkişaf etdirildiyini, fənlərin sayının 12-yə çatdırıldığını diqqətə çatdırıb.
 Təhsil naziri bildirib ki, olimpiadada tələbələr tərəfindən ən böyük maraq Azərbaycan və ingilis dili fənlərinə göstərilib. İştirakçılardan 104-ü (15,2 faiz) Azərbaycan dili fənni üzrə, 103-ü isə (15 faiz) ingilis dili fənni üzrə yarışa qoşulduğunu qeyd edən nazir münsiflər heyətinin qərarına əsasən 12 nəfərin I, 23 nəfərin II, 36 nəfərin III, 43 tələbənin isə həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. Qaliblərin ali məktəblər üzrə statistikasını açıqlayan Misir Mərdanov müxtəlif fənlərdən I yerə layiq görülənlərin Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Bakı Slavyan Universiteti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrindən ibarət olduğunu vurğulayıb.
Misir Mərdanov olimpiada qaliblərinə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomları və pul mükafatlarının verildiyini, I yeri tutan tələbələrə 300, II yerə layiq görülənlərə 150, III yerin sahiblərinə isə 100 manat təqdim olunacağını nəzərə çatdırıb. Nazir sonra qalibləri təbrik edərək onlara daha böyük uğurlar arzulayıb.
Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov olimpiada qaliblərinə öz təbriklərini çatdırıb, dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğıdan, gənclər üçün yaradılmış əlverişli şəraitdən söz açıblar.
Sonra qaliblərə diplomlar və pul mükafatları təqdim olunub.
Tədbirdə olimpiadada fərqlənən tələbələr çıxış edərək Azərbaycan gənclərinə göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, bilik yarışmasının obyektiv və şəffaf keçirildiyini qeyd ediblər.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF