Qafqaz Universitetində müstəqilliyimizin 20 illiyi qeyd edilib


01:21 / 19.10.2011 
Qafqaz Universitetində dünən Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinin 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. İlk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə dövlət himni oxunub. Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirdi ki, 18 oktyabr tariximizə dövlət müstəqilliyimizin bərpası kimi daxil olub. Azərbaycan bu illər ərzində uğurlu addımlara imza atıb. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil dövlət quruculuğunun möhkəmləndirilməsi istiqamətində əməli tədbirlər görüldü. 
Daha sonra çıxış edən Elmlər Akademiyasının vitse-prezidenti, akademik Arif Həşimov müstəqilliyin əldə edilməsinin Azərbaycan xalqı və dövlətinə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, bu yol çox keşməkeşli olub. Müstəqilliyin ilk illərində yaşanan olaylar dövlətçiliyimizə ciddi zərbə vursa da, ümummilli lider Heydər Əliyevin müdrikliyi sayəsində bu problemlərin hamısı aradan qaldırıldı. 1993-1995-ci illərdə ölkədə ictimai-siyasi sabitlik bərpa edildi. Güclü inflyasiyanın qarşısı alındı. “Əsrin müqaviləsi”nin imzalanması isə dövlət müstəqilliyimizin, təhlükəsizliyimizin bir növ qarantına çevrildi. Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycana xarici investisiya axını gücləndi. Neft-qaz sektoru inkişaf etdirildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi möhtəşəm layihənin əsası qoyuldu. Məhz bu kəmərin istifadəyə ıverilməsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, Azərbaycanın bölgənin lider dövlətinə çevrilməsinə, müstəqil siyasət aparmasına imkan yaratdı. Bu gün Azərbaycan müstəqillik yolunda daha da inamlı addımlar atmaqdadır. A.Həşimov onu da bildirdi ki, hələ türk dünyasının məşhur dövlət xadimlərindən olan Mustafa Kamal Atatürk 1928-ci ildə digər türk respublikalarının da müstəqillik qazanacağına inandığını söyləmişdi. Artıq bu dahi şəxsiyyətin söylədikləri reallığa çevrilib. Daha sonra A.Həşimova universitetin hədiyyəsi təqdim olundu. 
Tədbir bədii hissə ilə yekunlaşdı. 
S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF