Artıq bütün sahələrdə informasiya texnologiyaları mühüm rol oynayır
Dünən Qafqaz Universitetində “AICT 2011- İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beşinci beynəlxalq konfrans öz işinə başlayıb. Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç belə konfranslar silsiləsinə 2003-cü ildən onun rəhbərlik etdiyi təhsil ocağı tərəfindən start verildiyini deyib. | |
O, 3 gün davam edəcək konfransa dünyanın 31 ölkəsindən 250-dən çox alimin məqaləsinin daxil olduğunu vurğulayıb. A. Saniç konfransda müxtəlif mövzuları əhatə edən 12 plenar iclas keçiriləcəyini söyləyib. Daha sonra bu sahənin vacibliyindən söz açan rektor: “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinin inkişafı digər sahələrin inkişafında mühüm rol oynayır”, - deyib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə dövlətin bu istiqamət üzrə kadr siyasətindən söz açıb. O bildirib ki, hökumət informasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsi işinə diqqətlə yanaşır: “Konfransın beynəlxalq əhəmiyyət daşıması onu göstərir ki, Azərbaycanda bu istiqamət üzrə mühüm işlər görülüb”. BDU-nun rektoru Abel Məhərrəmov bəyan edib ki, XXI əsr informasiya-kommunikasiya əsri kimi tarixdə qalacaq: “Bütün proseslərin əsasında informasiya texnologiyaları durur. Ona görə də bu konfrans böyük əhəmiyyətə malikdir. Hazırda dünya əhalisinin 2 milyardı bu texnologiyalardan istifadə edir”. O, informasiya və kommunikasiya texnologiyaları haqqında canlı dialoq və elmi diskussiyaların aparılmasında belə konfransların keçirilməsini yüksək dəyərləndirib. Daşkənd İnformasiya Texnologiyaları Universitetinin rektoru Xakim Muhiddinov təmsil etdiyi ali məktəbdə bu istiqamət üzrə aparılan elmi araşdırmalardan söz açıb. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev ölkəmizin bu sahədə əldə etdiyi uğurlar və elmi tədqiqatlar haqqında öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, artıq bütün sahələrdə informasiya texnologiyaları çox mühüm rol oynayır. Bu, sahə artıq bir peşənin istifadə etdiyi “alət” deyil. O, belə tədbirlərin ölkəmizin tanınmasında da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qafqazın tədris işləri üzrə prorektoru Cihan Bulut bizimlə söhbətində konfransa təqdim olunmuş məqalələrin kitab halında çap olunduğunu bildirib. Onun sözlərinə görə, konfransın əsas hədəflərindən biri həmin məqalələri dünya ictimaiyyətinə çatdırmaqdır. Qeyd edək ki, konfrans Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TIKA) və IEEE - Elektik və Elektronika Mühəndisləri İnstitutunun texniki dəstəyi ilə təşkil olunub. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=40805 |