“Medianın iqtisadi potensialı olmalıdır”
Azərbaycan müstəqillik əldə etdikdən sonra media sahəsində də müəyyən islahatlar aparıldı. Lakin mediamız hələ də dünya standartlarına çata bilmir. Qafqaz Universitetində media nümayəndələrinin iştirakı ilə medianın iqtisadi problemləri mövzusunda keçirilən seminarda da bu məsələ müzakirə olunub. | |
Tədbirdə Azərbaycan jurnalistikasının dünənindən və bu günündən söz açan “Qafqaz”ın İqtisadiyyat fakültəsinin dekanı Həzi Eynalov hər ölkədə medianın öz strategiyasının olduğunu bildirib: “Dünyada medianı 4-cü hakimiyyət kimi qəbul edirlər. Çünki media cəmiyyətin iradəsidir, səsidir”. Onun sözlərinə görə, medianın cəmiyyətin tələblərini ödəyə bilməsində onun iqtisadi potensialı da olmalıdır”. Dövlətin qəzetlər üçün ayırdığı yardımlardan söz açan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının rəhbəri Umud Rəhimoğlu bu bölümdə iqtidar, müxalifət məsələsinin olmadığını söyləyib. Tədbir iştirakçısının “Azərbaycanda nə üçün gündəlik 50 min tirajla çıxan qəzet yoxdur?” sualını cavablandıraın “Həftə içi” qəzetinin təsisçisi və baş redaktoru Sevinc Seyidova bunu qəzetlərin gəlir gətirməməsi ilə izah edib. Daha sonra o, digər məsələlərdən də söz açıb. Onun sözlərinə görə, qəzetlərin köşklərə və abunəçilərə çatdırılmasında problemlər yaşanmaqdadır: camaat arasında qəzetlərə o qədər də maraq yoxdur. Onun fikrincə, bu sahədə maarifləndirici tədbirlərə ciddi ehtiyac var. Qəzetlərin hələ də rəngli çap olunmamasına toxunan Sevinc xanım bunu onların maddi imkansızlığı ilə izah edib. O, qəzet üzrə peşəkar dizayner çatışmazlığından da danışıb. Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli ölkəmizdə ilk dəfə “Zaman-Azərbaycan”ın rəngli çapa keçdiyini bildirib: “Zaman-Azərbaycan”ın mətbuatımızda öz dəst-xətti var. Bu qəzet bizim mediamıza bir çox cəhətdən örnəkdir”. Qeyd edək ki, tədbirdə Qafqaz Universitetinin Jurnalistika fakültəsinin prorektoru Qulu Məhərrəmli də iştirak edib. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41088 |