Amasyada “Ağsu möcüzəsi” sərgisi keçirilib
20 October, 2011
Oktyabrın 14-də Türkiyənin Amasya şəhərində Saraydüzü Qışlası Kültür mərkəzində “Ağsu möcüzəsi” adlı sərgi açılıb. Farizkhalilli.wordpress.com saytında yayımlanan məlumata əsasən, tədbir MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə keçirilib. Sərgidə Ağsu arxeoloji ekspedisiyası materiallarını və qazıntısını təsvir edən rəsm və fotolar nümayiş etdirilir.
Sərginin Amasyada başlamasının səbəbi XIX əsrdə Ağsu şəhərinin daxil olduğu Şirvan xanlığından təzyiqlərə məruz qalan bir çox ziyalıların Amasyaya köç etməsi və burada yaşayıb-yaratmasıdır. Bu ziyalılardan biri də Mövlanə İsmayıl Siracəddin Şirvani olmuşdur. Uzun illər Mövlanə İsmayıl Siracəddin Şirvani irsini araşdıran Qafqaz Universitetinin dosenti, Qafqaz Araşdırmaları İnstitutunun sədri Mehmet Rıhtım da sərginin açılışında iştirak etmiş, həmçinin MİRAS İctimai Birliyinin rəhbəri Fariz Xəlilli ilə birgə hazırladığı “Mövlanə İsmayıl Siracəddin Şirvani və Qafqazlı müridlər” kitabı sərgidə nümayiş olunmuşdur. Sərgi çərçivəsində “Azərbaycandan Amasyaya Şirvanlılar” konfransı da keçirilmişdir.
Dosent Mehmet Rıhtım İsmayıl Şirvani və onun xəlifəsi Həmzə Nigarinin həyat və fəaliyyəti haqqında maraqlı məlumatlar vermiş, Həmzə Nigarinin şeirlərindən, ədəbi irsinin əhəmiyyətindən danışaraq, Amasyada Beynəlxalq Həmzə Nigari Simpoziumu planlaşdırdıqlarını qeyd etmişdir.