Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir
12.10.2011 [14:29]
Qafqaz Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı V beynəlxalq konfrans başlayıb
Qafqaz Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı V beynəlxalq konfrans başlayıb. Beynəlxalq konfransda informasiya elmləri və tətbiqi, kommunikasiya, şəbəkə və avadanlıq, informasiya-kommunikasiya texnologiyalarının humanitar və ictimai elmlərdə, təhsil və tədqiqatlarda, tibb və səhiyyədə, dövlət və idarəçilikdə, biznes, idarəetmə və iqtisadiyyatda tətbiqi mövzusu müzakirə olunacaq.Konfransı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Əhməd Sanıç deyib ki, konfransa Azərbaycan və dünyanın 31 ölkəsindən 250-dən çox alimin məqaləsi daxil olub. O, konfrans müddətində müxtəlif mövzuları əhatə edən 12 plenar iclas keçiriləcəyini söyləyib: “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinin inkişafı digər sahələrin inkişafında mühüm rol oynayır”.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə dövlətin bu istiqamət üzrə kadr siyasətinə toxunub. O bildirib ki, hökumət informasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsi işinə diqqətlə yanaşır: “Konfransın beynəlxalq əhəmiyyət daşıması onu göstərir ki, Azərbaycanda bu istiqamət üzrə mühüm işlər görülüb”.
BDU-nun rektoru Abel Məhərrəmov bəyan edib ki, XXI əsr informasiya-kommunikasiya əsri kimi tarixdə qalacaq: “Bütün proseslərin əsasında informasiya texnologiyaları durur. Ona görə də bugünkü konfrans böyük əhəmiyyətə malikdir. Hazırda dünya əhalisinin 2 milyardı bu texnologiyalardan istifadə edir. Bu, getdikcə artır”.
Daşkənd İnformasiya Texnologiyaları Universitetinin rektoru Xakim Muhiddinov təmsil etdiyi ali məktəbdə bu istiqamət üzrə aparılan elmi araşdırmalar haqda danışıb.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar və elmi tədqiqatlar haqda öz fikirlərini bölüşüb.
Qeyd edək ki, oktyabrın 14-nə qədər davam edəcək konfrans Bakı Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunacaq, konfransın sonuncu günü isə Qafqaz Universitetində seksiyalar üzrə müzakirələr keçiriləcək.
Konfrans, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TIKA) və IEEE - Elektik və Elektronika Mühəndisləri İnstitutunun texniki dəstəyi ilə təşkil olunub. Konfrans 2003-cü ildən keçirilir.
http://www.xeberler.az/site/index.php?name=yazar&news_id=6428