“Azərikimya” sabahın kimyaçılarına xüsusi diqqət yetirir



Gələcək istehsalat fəaliyyətini yeniləşmə və müasirləşmə prinsipləri üzərində qurmaqda davam edən “Azərikimya” İstehsalat Birliyinin kollektivi artıq bir ilə yaxındır ki, mütərəqqi texnologiyalar əsasında qurulan yeni müəssisələr və istehsalat sahələrində uğurla çalışacaq istedadlı gənc kimyaçıların seçiminə başlayaraq, bu sahədə güclü kadrlar hazırlayan ali təhsil məktəbləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində sıx əlaqələr qurulmasına xüsusi diqqət yetirir. 
Sabahın gənc kimyaçıları ilə görüşlərə böyük əhəmiyyət verən “Azərikimya” rəhbərliyi Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə başlanılmış əməkdaşlıq və kadr seçimi ənənəsini ölkəmizin nüfuzlu “Qafqaz” Universiteti ilə də genişləndirməkdədir. Bu əlaqələrin təməli olaraq Birlik və Universitet rəhbərliyinin, müəllim və tələbələrin iştirakı ilə “Azərikimya” İstehsalat Birliyinin strateji inkişafında gənclərin rolu” mövzusunda keçirilən seminarda ölkəmizin neft-kimya kompleksinin inkişaf tarixindən və gələcək perspektivlərindən ətraflı söhbət açılmış, “institut-zavod” əlaqələrinin yaradılması və gənc mütəxəssislərin hazırlanmasında yüksək nəticələr əldə olunması məqsədilə bir sıra təkliflər irəli sürülmüşdür.
Seminarda birgə əməkdaşlıq haqqında imzalanmış razılaşma sənədində yaxın gələcəkdə Birliyin ehtiyacının daha çox olduğu ixtisaslar üzrə kursların təşkili, birgə elmi-tədqiqat və layihə-konstruktor işlərinin aparılması, Birliyin təşkil etdiyi qısamüddətli ixtisasartırma və təcrübəkeçmə kurslarında tələbələrin iştirakı, təhsildə fərqlənən tələbələrə təqaüdlərin təyin edilməsi və ali məktəbi qurtardıqdan sonra onların bir qisminin ixtisaslarına uyğun işlə təmin olunması və s. nəzərdə tutulmuşdur.
”Azərikimya” İB-nin kollektivi son zamanlar daha bir nüfuzlu ali təhsil ocağı - kimyaçıların gələcək yüksək ixtisaslı nəslini yetişdirən Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı ilə də qarşılıqlı faydalı əməkdaşlığın təməlini qoymuşdur.
Yaranmış əməkdaşlığın nəticəsi olaraq kimya fakültəsinin müəllim və tələbələri ilə Birlik rəhbərliyinin keçirdiyi görüş zamanı kimyaçı-mühəndislərin “Azərikimya”nın əsas istehsalat sahələrində keçəcəkləri təcrübə ətrafında müzakirələr aparılmışdır. Birliyin gələcək inkişafı, böyük perspektivi barədə tələbələrdə dolğun təsəvvür yaratmaq üçün yaxın illərdə Birliyin tərkibində yeni yaradılacaq zavodların, istehsalat sahələri və texnoloji qurğuların layihələri slayd şəklində nümayiş etdirilmiş, onların hər biri haqqında gələcək mütəxəssislərə geniş məlumat verilmişdir.

“Azərikimya” ali təhsil ocaqlarının təcrübə-istehsalat bazasına çevrilir
“Azərikimya” İstehsalat Birliyinin gələcəkdə neft-kimya sənayesində çalışacaq gənc mütəxəssislərin seçdikləri peşələr üzrə nəzəri biliklərini praktikada uğurla tətbiq edə bilmələri üçün onların bir qrupunun ilk dəfə olaraq kimya müəssisələrində yay təcrübəsinin təşkili də sabahın kadrlarına olan diqqət və qayğının bir nümunəsidir.
Azərbaycan Dövlət Neft Şirkətinin təşəbbüsü ilə gələcəyin neft-kimya mütəxəssislərinin təcrübi biliklərinin artırılması, onlarda neft-kimya sənayesinin mürəkkəb istehsalatını idarə etmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən “Yay təcrübəsi proqramı”na uyğun olaraq Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin,  Türkiyənin Orta Doğu Texniki Universitetinin və M. Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının bir qrup tələbə və məzunu “Azərikimya”da keçdikləri yay istehsalat təcrübəsinin ilk günlərindən etibarən kimyaçı və sənaye inşaatçısı ixtisaslarını təsadüfi seçmədiklərini  sübut etməyə çalışmışlar.
İstehsalat təcrübəsi başa çatarkən sabahın gənc mütəxəssisləri onu da minnətdarlıqla etiraf etmişlər ki, Dövlət Neft Şirkətinin yaratdığı yay təcrübəsi hər biri üçün ikiqat, üçqat sərfəli və faydalıdır. Belə ki, onlar bilavasitə istehsalatda çalışaraq, kifayət qədər təcrübə əldə etməklə yanaşı, işlədiklərinin müqabilində münasib maaşla təmin olunmuşlar. Ən başlıcası isə onların hər biri gələcək iş yerlərini və çalışacaqları kollektivləri müəyyən edə bilmişlər. Bu da onların gələcək əmək fəaliyyətlərində mühüm bir başlanğıc olaraq, xüsusi rol oynayacaqdır.

 “Azərikimya” nın təşkilatçılığı ilə ilk dəfə olaraq Gənc kimyaçıların Respublika elmi konfransı keçirilmişdir
2011-ci ilin YUNESKO tərəfindən “Beynəlxalq kimya ili” elan olunması ilə bağlı ilin əvvəlindən başlayaraq ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində təşkil olunan silsilə tədbirlərin davamı, həmçinin kimya elmi və sənayesinin qarşılıqlı əlaqədə inkişafına yeni bir təkan olaraq Birliyin təşkilatçılığı ilə Sumqayıtda “Azərbaycanın neftçıxarma, neft emalı və neft-kimya sənayelərinin aktual problemləri” mövzusunda Gənc kimyaçıların Respublika elmi konfransının keçirilməsi də perspektivə hesablanmış bir tədbir kimi mühüm əhəmiyyət kəsb etmişdir.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevin və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, kimya elmləri doktoru, professor Vaqif Abbasovun həmsədr olduqları konfransda Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin, AMEA-nın Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Polimer Materialları və digər elmi-tədqiqat institutlarının, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30-dək gənc tədqiqatçısının kimya elminin və neft-kimya sənayesinin müxtəlif sahələri üzrə elmi məruzələri dinlənilmişdir.
Tədbirin sonunda münsiflər heyətinin qərarına əsasən Neft-Kimya Prosesləri İnstitutunun aspirantı Lalə Əfəndizadə müsabiqənin qalibi elan olunmuşdur. İkinci mükafata BDU-nun aspirantı Xamməd Əsədov və Neft-Kimya Prosesləri İnstitutunun gənc tədqiqatçısı Könül Qasımova, üçüncü mükafata isə Azərbaycan Dövlət Neft Akademiyasından İradə Xələfova və Nigar Məmmədova, Polimer Materialları İnstitutundan Olqa Qreçkina və Aşqarlar Kimyası İnstitutundan Natəvan Talışova layiq görülmüşlər. Daha səkkiz gənc tədqiqatçıya həvəsləndirici mükafatlar təqdim olunmuşdur.
“Azərikimya” İB neft-kimya sənayesinin  sürətli inkişafını təmin edə biləcək gənc kadrların hazırlığı və seçilməsi ilə bağlı tədbirləri davam etdirir.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41701

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF