"Hər bir azərbaycanlını yüksək potensiallı kadr kimi yetişdiririk"
Ahmet Sanic: "Bu gün Qafqaz Universitetinə 600 və daha artıq bal toplayan tələbələr gəlir"
Bu il qəbul imtahanlarında daha yüksək bal toplayaraq tələbə adını qazananlar məhz Qafqaz Universitetinə qəbul olunublar. Ölkə və beynəlxalq yarışlarda da həmişə məhz bu ali təhsil ocağının adı çəkilir. Əlbəttə, Qafqaz Universitetinin hər bir uğuru məhz Azərbaycanın imicini yüksəldir. Ona görə də adını fəxrlə çəkdiyimiz bu universitetin təhsil-tədris sistemi ilə tanış olmaq üçün məktəbin rektoru, professor Ahmet Saniclə bir araya gəldik. Rektor rəhbərlik etdiyi universitetin uğurlarını belə izah etdi: - Ümummilli lider Heydər Əliyev bizi bu ölkəyə dəvət edəndə deyirdi ki, birincisi, məktəblər Türkiyə - Azərbaycan əlaqələrini daha da gücləndirəcək. İkincisi isə türk təhsil praktikasını Azərbaycana gətirəcək. O vaxt bizə daha geniş imkanlar yaradılması nəzərdə tutulmuşdu. Hətta 1993-cü ildə Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ev-eşiklərindən qaçqın düşən insanlar Bakıya axışdılar. Buna baxmayaraq, rəhmətlik Heydər Əliyev gözəl bir binanı istifadə üçün bizə verdi. Amma müəyyən vaxt ərzində gördüyünüz bu ərazidə universitetimiz üçün şəhərcik tikməyə başladıq. Əlbəttə, şəhərcikdə tədris korpusları ilə yanaşı, idman meydançaları, tələbə yataqxanaları və sair kimi binaların tikilməsi də şərtdir. Yeri gəlmişkən, universitet şəhərciyi layihəsinin icrası hələ başa çatmayıb və ola bilər ki, hələ daha 10 il də davam etsin.
- Müəllim heyətini Azərbaycandan seçmişdiniz, yoxsa Türkiyədən dəvət etmişdiniz?
- Türkiyədən Azərbaycana gələn professor-müəllim heyətinin məqsədi burada yeni tədris prinsiplərinə əsaslanan sistem yaratmaq idi. Rəhmətlik Heydər Əliyev də deyərdi ki, tamam yeni sistem yaratmaq lazımdır. Burada fəaliyyətə başladığımız ilk vaxtlar müəllim heyətimizin 90 faizi Türkiyədən gələnlər idi. Amma sonradan Türkiyədə təhsil alıb qayıdan ali təhsilli şəxsləri işə götürməyimiz nəticəsində bu gün məktəbimizdə çalışanların 90 faizi azərbaycanlılardır. Fikir verin: türk müəllimləri azərbaycanlı müəllimlərlə dəyişdik, amma keyfiyyət əvvəlki kimi qaldı. Təbii ki, bizim əsas gücümüz insan potensialıdır. Bu gün Türkiyə, ABŞ, Rusiya, Britaniya və digər Avropa ölkələrində işləyən elm adamları tədricən Azərbaycana qayıtmaqdadırlar. Özü də onlar yalnız özləri qayıtmırlar, həm də çalışdıqları Harvard və sair kimi dünya universitetlərinin təcrübəsini də Qafqaz Universitetinə gətirirlər.
- Həmin təcrübə universitetinizin tələbələrinə təsirini göstərir?
- Bir vaxtlar 400 - 500 balla, hətta 300 balla məktəbimizə gələn tələbələr bu gün Azərbaycanın ən samballı yerlərində işləyirlər. Bizim məzunlarımız dünyanın 46 ölkəsində çalışır, yaxud da magistratura və doktoranturada oxuyurlar. Özü də onların çoxu Avropa ölkələrindədir. Hətta Afrika ölkələrində çalışanlar da var. Bu isə sübut edir ki, bəli, Qafqaz Universitetində təhsilin səviyyəsi yüksəkdir və necə deyərlər, bizim tələbələrə tələb var.
- Bildiyimiz qədər, bu gün ən çox bal toplayan tələbələr də təhsil almaq üçün məhz sizin məktəbi seçiblər...
- Elədir, bu gün Qafqaz Universitetinə 600 və daha artıq bal toplayan tələbələr gəlir. Hətta onlardan 25 nəfəri prezident təqaüdçüsüdür. Hazırda belə bir strategiya hazırlamışıq: necə edək ki, gələcək məzunlarımızı Nobelə namizədlər səviyyəsinə qaldıraq. İkinci proqramımız da var, xarici ölkə universitetləri və Azərbaycandakı şirkətlər, eləcə də dövlət qurumları ilə çox sıx münasibətlər yaratmışıq. Ona görə də tələbələrimizin həmin şirkət və qurumlarda təcrübə keçməsində problem yaşamırıq. Bundan əlavə, hər üç tələbəmizdən biri Türkiyədə təcrübə keçir. Onu da deyim ki, təcrübə bizim üçün çox vacib şərtdir. Yaxşı təcrübə keçən tələbələr məzun olduqda iş fəaliyyətinə başlamaqda çətinlik çəkmirlər.
- Yeri gəlmişkən, məzunların işlə təmin olunmasına kömək göstərirsiniz?
- Biz heç vaxt hansısa şirkət və ya müəssisəyə "bu tələbəmizi işə götürün" demirik. Ola bilsin "yoxlayın, əgər qane edirsə götürün" deyə bilərik. Qafqaz Universitetində hər bir tələbə ingilis dilini mükəmməl öyrənir və kompyuterdə çalışmaq bacarığına yiyələnir. Biz həm də tələbələri yalnız kitab oxumaq yolu ilə savadlandırmırıq, onları elmə daha çox ictimai əsaslarla yönləndiririk. Bu gün universitetimizdə 26 fəal tələbə dərnəyi fəaliyyət göstərir. Bilirsiniz, sabah hər bir məzun ictimaiyyət qarşısına çıxacaq. Ona görə də onlar belə fəal dərnəklərdə iştirak etməklə bir növ gələcəyə tam hazırlaşırlar. Keçmişdə belə bir deyim vardı: oxu, əzbərlə və anlat. Artıq bu yanaşma dəyişib. İndi hər bir tələbə sərbəst şəkildə layihə yazmağı bacarmalıdır. Hətta bu məqsədlə universitetdə layihə əsaslı tədris proqramı həyata keçiririk. Yəni tələbə düşünür, araşdırır və təklif irəli sürür. Çalışırıq ki, tələbələr 100 ballıq sistem üzrə ən azından 30 balı məhz bu sahədə toplasınlar. Ona görə də çalışırıq ki, məktəbimizə daha savadlı, daha dünyagörüşlü tələbələr qəbul edək. İnanıram ki, Azərbaycanda insan amilinə böyük önəm verilir və məhz insan potensialı bu ölkəni irəli aparacaq. Məsələn, hörmətli prezident İlham Əliyevin bir sözü var: qara qızıl insan potensialına çevrilir. İnsan potensialı isə o vaxt reallaşacaq ki, insanlar yaxşı yetişdiriləcək, təhsil veriləcək və onların qəlblərində sevgi olacaq vətənlərinə qarşı. Biz öz tələbələrimizə məhz bunları başa salmağa çalışırıq.
- Necə bilirsiniz, bu gün Çağ Öyrətimin, ümumiyyətlə, ölkədəki türk liseylərini bitirən və bu gün Qafqaz Universitetində təhsil alan tələbələr daha savadlı və dünyagörüşlüdür, yoxsa Azərbaycanın orta məktəblərini bitirənlər?
- Sözsüz ki, türk liseylərini bitirən uşaqlar daha savadlı və dünyagörüşlü olurlar, ingilis dilini əvvəlcədən öyrəndikləri üçün universitetdə bu dili daha asan və tez mənimsəyirlər. Amma biz hansı məktəbi bitirməsindən asılı olmayaraq hər bir tələbəyə eyni səviyyədə təhsil veririk və hamısını yüksək potensiallı kadr kimi yetişdiririk. Bütün tələbələr bizə əzizdir. Onların gəlişi fərqli ola bilər, amma gedişləri yox. Sonra da ki, Qafqaz Universitetinə qəbul edilən tələbələrin hamısı yüksək bal topladıqları üçün çox çalışqan, dərslərinə, elmə həvəsli olurlar.
- Azərbaycandakı digər ali məktəblər arasında öz yerinizi necə görürsünüz? Yəni Qafqaz Universitetini onlardan hansı amillər fərqləndirir?
- Fərqləndirmək istəməzdim, amma deyə bilərəm ki, biz daha yaxşı möqedəyik. Bu gün universitetimizin səviyyəsi Harvard və sair Avropa universitetlərinin səviyyəsi ilə eynidir. Bizdə tədris metodikası onlardakı ilə eynidir, amma bizim kadr heyətimiz onlarla müqayisədə çox gəncdir.
- Hər bir özünə güvənən universitetin özünəməxsus tədris sistemi olur. Maraqlıdır, siz bu məsələdə hansı məktəbin və ya ölkənin tədris sistemini özünüzə örnək götürmüsünüz?
- Biz bütün təhsil sistemlərinin ən yaxşı detallarını özümüzdə əxz etdirmişik - Azərbaycanın da, Rusiyanın da, Türkiyənin də, amma ən çox Avropanın. Düzdür, əvvəl Türkiyə təhsil sistemi Amerika sisteminə uyğun idi. Amma Avropa Birliyi yaradılandan sonra Bolonya sistemi çıxdı ortaya və biz onu öz sistemimizdə tətbiq etdik.
- Yaxın gələcəkdə hər hansı olimpiada və ya başqa bir formada müsabiqələr keçirmək fikriniz varmı?
- Biz həmişə tək və ya birgə şəkildə olimpiadalar təşkil edirik. Məsələn, son vaxtlar belə bir tədbiri Sumqayıtda keçirdik - informasiya texnologiyaları sahəsində. Bundan başqa, tələbələr arasında həvəsləndirici yarışlar keçiririk. Məsələn, son planımız kimi Azərbaycanın müstəqilliyinin 20-ci ilinə dair inşa müsaqibəsi təşkil edəcəyik. Onu da bildirim ki, olimpiadaların ilk imtahanları məhz Qafqaz Universitetində keçirilir. Ona görə ki, bizdə müasir texnologiya mövcuddur. Universitetimiz bütün bu cür yarışlarda həmişə üzüağ çıxıb. Məsələn, bu il Heydər Əliyev Fondu, Təhsil və İnformasiya Texnologiyaları nazirliklərinin keçirdiyi olimpiadada həm 1-ci, həm 2-ci, həm də 3 dənə 3-cü yerdən ikisini məhz Qafqaz Universiteti qazanıb.
- Hazırda bütövlükdə ölkədə tələbələrin yataqxana problemi aktualdır. Bu məsələ sizin məktəbdə necə həll olunur?
- Təəssüf ki, qızlar üçün yataqxanamız yoxdur, amma inşallah 4 ay sonra o da olacaq. Buna baxmayaraq, oğlanlar üçün iki belə binamız mövcuddur. Biri bura yaxın ərazidədir, digəri isə Sumqayıtdadır. Biri 220, o biri isə 140 tələbənin qalması üçün nəzərdə tutulub. Çalışacağıq yaxın gələcəkdə ümumiyyətlə, yataqxana problemimiz olmasın. Başa düşürük ki, yataqxanaların olması tələbələrə daha yaxşı oxumaq imkanı verir.
- Gələcəkdə respublikanın bölgələrində də filiallar açmaq niyyətiniz var?
- Nəinki bölgələrdə, hətta xarici ölkələrdə də təmsilçiliklərimizin olmasını istərdik. Niyə Qafqaz Universitetinin Amerikada filialı olmasın? Amma bizim məktəb hələ gəncdir, amma inşallah ki, gələcəkdə bölgələrə və dünyaya açılmaq fikrimiz var.
- Bəs hansısa gənc yüksək elmi potensiala malikdirsə, amma vəsaiti olmadığından təhsilini davam etdirə bilmirsə, sizin məktəb belələrinə oxumaq şansı verir? Ən azından təqaüdlə təmin edə bilərsiniz...
- Təqaüd məsələsi həmişə aktualdır. Yaxşı oxuyan və uğurlar qazanan tələbələr üçün iki illik təqaüd vermə proqramı həyata keçirilir. Məsələn, ötən il dövlət hesabına qəbul üçün 85 yer ayrılmışdı, amma 255 tələbə qəbul olundu. Bu il isə müəyyən maliyyə çatışmazlıqlarını nəzərə alaraq 200 tələbəni dövlət sifarişi ilə qəbul etmişik və gələcəkdə onların sayını artırmağı düşünürük. Bundan əlavə, məktəbimizdə xeyli sayda prezident təqaüdçüsü təhsil alır. Eyni zamanda, biz dərslərində uğurlarını, olimpiadalarda qələbələrini, dərnəklərdə göstərdikləri fəallığı və sair nəzərə alaraq tələbələrə müəyyən həvəsləndirici təqaüdlər kəsirik. Ümumiyyətlə götürsək, bu gün Qafqaz Universitetinin tələbələrindən 70 faizə yaxını təqaüd alır.
Vüsal Tağıbəyli
Ahmet Sanic
http://www.hafta-ichi.com/newv/2010/08/10/read=66806